Rəssam Hacımirzə Fərzəliyev “Pirə doğru” əsərinə görə mükafatlandırıldı
   
   Yanvarın 30-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “İlin uğurlu rəsm əsəri” müsabiqəsinin nəticəsi açıqlandı.
   Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq adıçəkilən müsabiqənin ikinci ildir keçirildiyini bildirdi. Qeyd etdi ki, ilin uğurlu rəsm əsəri yalnız müsabiqəyə təqdim edilən işlər içərisindən seçilib. Burada məqsəd həm də qalibi gözəl əsərinə görə mükafatlandırmaqdır. 
   Sonra ilin ən uğurlu rəsm əsərinin müəllifinin adı elan edildi. Rəssam Hacımirzə Fərzəliyev “Pirə doğru” əsəri ilə müsabiqənin qalibi oldu. Rəssama diplom və pul mükafatı təqdim edildi. Sonra müsabiqəyə təqdim edilmiş əsərlərdən ibarət sərgiyə baxış keçirildi. 
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və ARİ-nin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə-sərgidə təsviri sənət ustalarının müxtəlif janrlarda yaratdığı 100-dək rəngkarlıq, qrafika, heykəltəraşlıq, plakat, tətbiqi sənət əsərləri nümayiş olunur. Vurğulanıb ki, müsabiqəyə çoxsaylı sənət əsərləri təqdim olunmağına baxmayaraq, münsiflər tərəfindən yekunda sərgilənmək üçün 17 rəngkarlıq, 11 qrafika, 8 heykəltəraşlıq və 6-dək xalçaçılıq, yağlı boya, akvarel və batika janrında olan əsərlər seçilib.
   
   S.Qaliboğlu