Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib.
Müşavirədə nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, idarənin Qubadlı, Zəngilan, Şuşa, Abşeron, Xızı rayonları üzrə nümayəndələri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamının icrasının təmin edilməsi, Regional Mədəniyyət və Turizm idarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilib.
Bildirilib ki, dövlət başçısının sərəncamına əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və 15 regional idarə yaradılıb. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonları daxildir.
Müşavirədə işə qəbul zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkili və digər məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.