Görkəmli ədib Səməd Mənsur lirik şeirlərində klassik poeziyamızın zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirib 
   
   İyirminci əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti, mətbuatı tarixində özünəməxsus xidmətləri ilə seçilən istedadlı ədib Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879-1927) qısa ömür sürsə də, çoxşaxəli və səmərəli yaradıcılığı ilə böyük şöhrət qazanmışdır.   
   O, hər şeydən öncə, bir şair olaraq ədəbiyyat tariximizdə şərəfli yer tutur. Təsadüfi deyil ki, çoxsaylı müasirləri Səməd Mənsuru ustad şair kimi səciyyələndirmişlər. Şair Azər Buzovnalı onu “Şüəra içrə fazili-məşhur” saymışdı. Hələ ötən əsrin əvvəllərində Bakıda “Məcməüş-şüəra” ədəbi məclisinin məşğələlərində iştirak edib oxuduğu lirik şeirlərlə tanınmış şairlərin rəğbətini qazanan gənc şairə “Mənsur” (mənası: qalib gəlmiş, üstünlük qazanmış) təxəllüsünün verilməsi sənət aləminə yeni bir istedadın gəlişini göstərirdi.
   S.Mənsur bütün yaradıcılığı boyu həm lirik, həm də satirik şeirlər yazmış, hər ikisində də ciddi uğurlar qazanmışdır. Ustad ədəbiyyatşünas Mir Cəlal Paşayevin dəqiq vurğuladığı kimi: “Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi, satira, ikincisi, romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır”.
   Lirik şeirlərində klassik poeziyamızın zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirən Səməd Mənsur həssas, zərif duyğuları, həmçinin narahat şair ovqatının nisgilli yaşantılarını, cəmiyyətdə müşahidə etdiyi haqsızlıqlardan qaynaqlanan bədbin düşüncələrini təsirli bədii vasitələrlə poetikləşdirmişdir. Onun qəzəl, müxəmməs, müsəddəs və digər janrlarda yazdığı lirik şeirlərin əksəriyyəti romantik qayəsi ilə seçilir. Bunların bir çoxunda lirik duyğularla fəlsəfi düşüncələrin mükəmməl harmoniyası ön planda dayanır. 
   S.Mənsurun təkcə elə poeziyamızın nadir incilərindən olan “Həpsi rəngdir” şeirinə nəzər salmaq kifayətdir ki, onun ilham və istedadının geniş poetik konturları, daima ali həqiqət amalı ilə yazıb-yaratmış humanist şair şəxsiyyəti, bütöv əqidəsi aydın şəkildə göz önündə canlansın:
   
   Görmədim bir zərri-xalis buteyi-nasutdə,
   Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,
   Biqərəz insan olur görmək fəqət tabutdə,
   Bilməzəm varmı sədaqət aləmi-lahutdə,
   Azma, fikrim, cümlə ecazü kəramət rəngdir. 
   
   Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
   Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,
   Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,
   Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,
   “Məslək”ə isnad edər, məslək, dəyanət rəngdir.
   
   Şairin “Sən mənim olsan”, “Naz et” kimi bir sıra digər şeirləri də iyirminci əsr Azərbaycan lirikasının dəyərli nümunələri sırasına daxildir. 
   S.Mənsurun yaradıcılığının mühüm bir qolu da satirik əsərlərdən ibarətdir. O, “Tuti”, “Şeypur”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Pampuşalı”, “Kənarçı Pampuşalı”, “Mütəşair” və s. imzalarla çoxsaylı satirik şeirlər və felyetonlar dərc etdirmişdir. Bu nümunələrin əksəriyyəti mövzu aktuallığı, ideya aydınlığı, dolğun sənətkarlığı ilə diqqəti çəkir.
   1918-ci ilin 5 oktyabrından 1919-cu ilin 18 yanvarınadək Bakıda Məmmədəli Sidqinin redaktorluğu, Səməd Mənsurun naşirliyi ilə nəşr olunan satirik “Şeypur” jurnalı ədibin yaradıcılıq imkanlarının geniş təzahürü kimi xüsusi maraq doğurur. Cəmi on dörd sayı çıxmış bu jurnalın materiallarını transliterasiya edib kitab halında çapa hazırlayarkən S.Mənsurun zəngin və məhsuldar satirik yaradıcılığını daha dərindən müşahidə etdik. Həftəlik jurnalın, demək olar ki, hər sayında S.Mənsurun şeir və felyetonları verilmişdir. Hətta bəzi saylarda o, bir neçə əsərlə çıxış etmişdir. Bütün bunlarda məişətdəki nöqsanlardan tutmuş aktual beynəlxalq və milli məsələlərə qədər ən müxtəlif problemlər özünün müvafiq təcəssümünü tapmışdır. Vətən və xalq taleyi, bolşevik-daşnak fitnəkarlığına qarşı mübarizəyə çağırış, istiqlalın möhkəmləndirilməsi uğrunda mücadilə, hərbi quruculuq, siyasi idarəçilik, sosial-mədəni və iqtisadi tərəqqi, ana dilinin saflığı, mətbuat azadlığı, ziyalı və xalq kimi ümdə məsələlər S.Mənsurun “Şeypur”dakı şeir və felyetonlarının əksəriyyətində qabarıqdır. 
   Çoxsaylı nümunələrdən bir neçəsinə nəzər salmaq istərdik.
   “Şeypur”un ilk sayında S.Mənsurun “Qaçmaq günüdür” şeiri verilmişdir. Həmin əsərdə Azərbaycan və türk silahlı qüvvələrinin 1918-ci ildə Bakını yadelli qüvvələrdən azad etmək üçün birgə hərbi əməliyyatları alqışlanmış, torpaqlarımızdan çəkilməyə məcbur qalan erməni daşnaklarına və digər işğalçı qüvvələrə ironiya ilə xitab edilmişdir.
   “İski”lər “li”ləndilər” şeiri isə milli simasını itirib kənar təsirlərə qapılanların, şəxsi maraqları naminə cilddən-cildə girənlərin tənqidinə həsr olunmuşdur. Müəllif ilk növbədə diqqəti ona yönəldirdi ki, Azərbaycan 1918-ci ildə öz istiqlaliyyətini elan edəndən sonra soyadları “iski”, “ov” ilə bitən bir sıra həmvətənlər həmin sonluqları “li” ilə əvəzləmişlər. Əlbəttə, soyadların milli dilin xüsusiyyətlərinə uyğun olması vacib və təqdirəlayiq haldır. Lakin S.Mənsur məsələnin digər tərəfinə nəzər salaraq yazırdı ki, “iski”dən, “ov”dan “li”yə keçənlərin bir qismi guya milliləşdiklərini göstərmək, bu yolla yeni cəmiyyətdə də özlərinə mövqe qazanmaq üçün həmin addımı atmışlar. Şair “bu dəyişkənliyi yalnız siyasi konyuktura naminə edən” (prof. N.Qəhrəmanlı) belə tipləri istehza ilə “millət, vətən canbazı” adlandırırdı. Satirik ədib haqlı olaraq nəzərə çatdırırdı ki, sadəcə soyad sonluğunu əvəzləməklə milliləşmək mümkün deyil. Millilik qanda, ruhda, əməldə, dünyagörüşündə özünü göstərməlidir.
   S.Mənsur “Bənzətmə” şeirində də Vətən və xalq taleyi üçün əhəmiyyət daşıyan bir sıra məsələlərə münasibət bildirmişdir. Şairin haqlı qənaətinə görə, millətin igidləri, öndə gedənləri yatmamalı, ayıq-sayıq olmalıdırlar. Əks təqdirdə məmləkət fəlakətə düşər. Şair elm, maarif məsələlərinə də diqqət yetirərək vurğulayırdı ki, məktəbə təhsil ardınca göndərilməyən uşaqlar böyüyüb son nəticədə fanatizm, cəhalət mühitinin rəmmalına, cindarına çevriləcəklər. Əgər bir şəhərdə maarif, mədəniyyət müəssisələri əvəzinə altı yüz çayxana, qəlyan evi açılırsa, bu, həmin məkanlarda avaralanan altı min sərsərinin varlığı deməkdir, mahiyyətcə, xalqın müasir tərəqqidən uzaq düşməsinin göstəricisidir: 
   
   Tiflini məktəblərə qoymazsa möminlər, böyür,
   Baz olar, rəmmal olar, cindar olar, əlbəttə ki...
    
   Gər açılsa altı yüz bir şəhərdə çayçı, düxan,
   Altı min də sərsəri, biar olar, əlbəttə ki...
   
   “Bir möminin avropalıya xitabı” satirası ümumən gülüş əsasında qurulsa da, onun daxili semantikasındakı qəm-kədəri görmək çətin deyil. Müəllif avam müsəlmanların halına ürəkdən acıyır, ustad Sabirin ifadəsi ilə desək, “əcnəbilərin seyrə balonlarla çıxdığı”, göylərdə səyahət etdiyi, gəmilər düzəldib okeanlarda üzdüyü, suyun altında araşdırmalar apardığı bir vaxtda gününü xoşavaz mərsiyəxanları dinləyib göz yaşı axıtmaqla keçirən, ilin on ayını ağlayan binəva müsəlmanların vəziyyətini səciyyəvi bədii detallarla canlandırır:
   
   Sazla gəmilər, qoy sənin olsun okeanlar,
   Məmlukun ola skilelər, cümlə limanlar.
   Göylərdə səyahət elə, yap ayroplanlar,
   Su altını gəz, tap oradan tazə nişanlar.
   Qəhr olmalı bu işlərdə sənə qibtə qılanlar,
   Möminlərə bəsdir dili xoş mərsiyəxanlar.
   Bir ildə on ay dideyi-giryan mənə bəsdir,
   Zəncirü qəmə, tövqi-zərəfşan mənə bəsdir.
   
   Beləliklə, bir avam müsəlmanın avropalıya müraciəti əsasında qurulmuş bu şeirdə Səməd Mənsur Şərqlə Qərbi müqayisə etmiş, Şərqin geriliyi, müasir tərəqqidən uzaq düşməsi və onun səbəbləri barədə düşüncələrini satirik üslubun geniş imkanları vasitəsilə ümumiləşdirmişdir.
   S.Mənsurun “Ziyalılarımız” başlığı ilə dərc olunmuş silsilə felyetonları da onun ictimai-siyasi proseslərə həssas vətəndaş münasibətinin ifadəsi kimi böyük dəyərə malikdir. Felyetonların birində tarixi saxtalaşdıran, hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilmişdir: “Daşnak deyir ki, bir vaxt dünyada Tursiya-mursiya, Qafqaz-mafqaz, İran-miran olmayıb. Tamam bir Armeniya olub...
   Daşnak deyir ki, Nuh peyğəmbər erməni idi. Dünyanı su basanda gəmisi ilə gəzirmiş. Birdən bir quru yer görür. Deyir ki, iro! Yəni görünür, görünür. Sonra çıxır o yerə. Başlayır orada yaşamağa. O yerin adı İrəvan olur. Sonra da başlayır balalamağa. Yavaş-yavaş ermənilər tamam bu yerləri tutur...” 
   Bədii mükəmməlliyə malik bu felyetonun sonrakı hissəsində heç bir əndazəyə sığmayan əsassız erməni iddialarının çürük mahiyyəti obrazlı şəkildə, həm də satirik üslubun rəngarəng çalarlarına istinadən məharətlə aşkarlanmışdır. 
   Bu kimi materiallar ermənilərin tarixi keçmişə dair cəfəng uydurmalarının o zaman da baş alıb getdiyini konkret şəkildə göstərir.
   S.Mənsur dramaturgiya sahəsində də səmərəli yaradıcılıq axtarışları aparmış, müxtəlif vaxtlarda “Dövlətin təhsili və təsiri”, “Maarif”, “Cinayət”, “Dərviş”, “Rəzalət səbəbləri”, “Aktyor”, “Mükafat” kimi faciə və komediyalar yazmışdır. Çoxu həcmcə kiçik olan bu əsərlərdə sosial-mənəvi problemlər diqqət mərkəzinə çəkilmişdir. Müəllifin pyeslərində dramatik situasiyaların mahiyyətini, obrazların daxili aləmini, dünyagörüşünü daha dərindən təqdim etmək üçün mətn daxilində verilən müvafiq şeir parçaları da özünün ideya-estetik tutumu ilə diqqəti çəkir. Tanınmış ədibin türk ədəbiyyatından “Gaveyi-ahəngər”, “Əhdə vəfa” kimi pyesləri dilimizə məharətlə çevirməsini də xatırlatmaq yerinə düşər.
   S.Mənsurun həm teatr xadimi, həm də bilavasitə aktyor kimi fəaliyyətini də yada salmaq gərəkdir. O, Bakıda “Səfa”, “Nicat” cəmiyyətlərinin xətti ilə müxtəlif tamaşaların hazırlanmasında yaxından iştirak etmiş, eləcə də ayrı-ayrı pyeslərin tamaşasında aktyorluq məharətini də göstərmişdi. 
   Görkəmli ədib Məmməd Səid Ordubadi xatirələrində onun şəxsiyyətinə və çoxşaxəli istedadına yüksək qiymət verərək yazırdı: “Səməd Mənsur... olduqca inadlı idi, əyilməz idi... Səməd Mənsur kimi qabiliyyətli və bilikli adamlara çox az-az təsadüf olunur. O, səlis təbə malik olan bir şair idi. Şərq musiqisini bir musiqi müəllimi kimi bilirdi. Tar çalırdı, kamança çalırdı, pianino çalırdı, qarmon çalırdı. Bir aşıq kimi saz çalıb-oxuyurdu. Bir sözlə, Səməd Mənsur incəsənətin bütün növlərini özündə mərkəzləşdirmişdi”.
   Səməd Mənsur 48 yaşında dünyasını dəyişdi, cismani ömrünü başa vurdu, daima qəlbi vətənə, xalqa xidmət eşqi ilə döyünən, vicdanının həqiqət harayını sətirlərə köçürüb oxuculara ünvanlayan böyük sənətkarın mənəvi həyatı isə davam etməkdədir.
   
   Ölsəm mən əgər, bir neçə kağızdan ibarət
   Asarım olar anlayana rəhbəri-ibrət, 
   
   - deyən görkəmli sənətkarın əsərləri, doğrudan da, bizim mənəvi müasirimizdir.
   

Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi