(I yazı)
Nə gizlədim, arabir jurnalistikanın başqa sahələrində işləyən həmkarlarımız xaricdə beynəlxalq tədbirlərdə, peşə treninqlərində iştirakları barədə məlumatları çalışdıqları mətbuat orqanlarında, ya da sosial şəbəkələrdə paylaşanda istər-istəməz içimdə qibtə hissi baş qaldırırdı: əcəba, niyə mədəniyyət yazarları üçün belə görüşlər təşkil olunmur, niyə biz yaxın-uzaq ölkələrdəki həmkarlarımızla təcrübə mübadiləsi etməyək? Onsuz da bütün mövzuların təməli mədəniyyət deyilmi?
Nəhayət, bayram bizim küçəyə də gəldi. Avropa İttifaqının «Şərq tərəfdaşlığı» layihəsi çərçivəsində 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovadan olan mədəniyyət jurnalistləri üçün «Culture &Creativitu» treninqlərində iştirak proqramında bəxtimi sınamaq qərarına gəldim. Bu seminara Azərbaycandan qatılan 3 nəfərdən biri olmağımı həm də təmsil etdiyim qəzetin uğuru kimi dəyərləndirdim. Tbilisi, Kişinyov və Kiyevdə keçiriləcək üç mərhələdən ibarət treninqdə “Novosti-Azerbaydjan” portalından Aytən Əliyeva və AzArtbox.com saytının layihə rəhbəri, Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Könül Rəfiyeva ilə birlikdə iştirak edəcəkdik. Hava limanında ilk söhbətimizdən məlum oldu ki, öz işimiz barədə həm bir-birimizə, həm də başqalarına deyiləsi sözümüz, bölüşəsi fikirlərimiz, paylaşası mövzularımız az deyil.
“Qrup terapiyası”nın faydası
Bəzi şəhərlər var ki, biz onların adını elə ta qədimdən alışdığımız tərzdə tələffüz edirik. Eynilə Bakının qədim məhəllələrinin, hələ inqilabdan əvvəl salınmış küçələrinin adları kimi... Məsələn, bizim üçün Tbilisi hələ də daha çox Tiflisdir. Əslində biz də elə keçmiş quberniya mərkəzinin təxminən o dövrlərə aid bir məhəlləsində, köhnə Tiflisin ənənələrinin hopduğu, köhnəliyin içində doğulan yeni bir yerdə yerləşdik və çalışdıq.
26-27 yanvar tarixində şəhərdəki «Fabrika» hostelində (hostelin hoteldən fərqi nədir, bizdə də belə bir məkan yaratmaq mümkündürmü kimi suallara başqa bir yazıda aydınlıq gətirəcəyik deyə, mətləbdən uzaqlaşmırıq) keçirilən treninqin adı belə idi: «Mədəniyyət və yaradıcılıq sahələri/iqtisadiyyat anlayışlarında dəyişikliklər daxil olmaqla mədəniyyətin əhəmiyyəti və mədəniyyət jurnalistikasının rolu». Ad kifayət qədər qəliz olsa da, məram aydın idi: mədəniyyətdən yazan jurnalistlərin əməyi KİV-də nə qədər önəmlidir, dövlətin və özəl sektorun mədəniyyətə maliyyə dəstəyini artırmaq yolunda sahə jurnalistləri nə edə bilər. Trenerlərimiz - Böyük Britaniya təmsilçisi, tanınmış jurnalist-tənqidçi, «Qardian» qəzetinin müəllifi Mayya Caggi və mədəniyyət elmləri üzrə magistr, ədəbi tənqidçi, mədəniyyət festivallarının meneceri Katerina Botanova (Ukrayna) ilə anlaşmamız rahat baş tutdu.
Trenerlərlə tanışlıqdan sonra 6 ölkəni təmsil edən 18 jurnalist özlərini təqdim etdilər, tədbirdən nə gözlədiklərini dilə gətirdilər. Növbəli təqdimatda şəxsən mənim ən çox xoşuma gələn Ukrayna təmsilçisi Olqa Kuçerin «Mən özümü «qrup terapiyası» keçən şəxs kimi hiss edirəm, çünki eşitdiyim ilk fikirlərdən məndə elə bir rəy formalaşdı ki, hamımız eyni dərddəyik. Hamımız çalışdığımız mətbuat sahəsində eyni problemlə üzləşirik». Gerçəkdən də bütün tanıtım çıxışlarında inciklik duyulurdu ki, mədəniyyət mövzusunda yazılara siyasətə, idmana, kriminal xəbərlərə nisbətən daha az yer ayrılır, mühüm mədəniyyət hadisə və tədbirləri layiq olduğu qədər işıqlandırılmır, hətta qonorar məsələsində müəlliflər arasında aparılan ayrı-seçkilik mədəniyyət yazarlarının xeyrinə olmur.
Tanıtım çıxışında sonuncu olmağın da bir üstünlüyü varmış. Mən sıra ilə sonuncu olduğumdan 2 dəqiqəlik çıxışımı belə başladım: «Həmkarlarıma baxanda mənim bəxtim gətirib. Çünki Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanında - «Mədəniyyət» qəzetində çalışıram və mənim hər hansı tədbiri işıqlandırmaq, yaxud redaktoru həmin tədbirin nə qədər əhəmiyyətli olduğuna inandırmağa və səhifədə ona yer ayırmaqla bağlı mübahisələrə ehtiyacım yoxdur. Həm də «Mədəniyyət» qəzetinin səhifələrində yer alan yazılardan hansının prioritet olub-olmadığı avtomatik aradan qalxır. Bizim sahəmizə aid yazılar eyni dərəcədə prioritetdir».
Kultura düşünüb mədəniyyət demək lazım...
Əslində, dilimizə biri ərəb dilindən, o birisi də rus dilindən keçmiş bu iki söz eyni mənanı ifadə edir... Amma söz oyununa başladıqda «mədəniyyət» kəlməsini «mədə» və «niyyət», ya da üçüncü hecanı bir qədər uzatmaqla «mədəni niyyət» kimi də söyləmək mümkündür. Amma biz belə etməyəcəyik. Çünki bunu bizdən əvvəl ediblər, həm də biz mədəniyyət sözünü latın dilində «yetişdirmək, becərmək» mənasını verən kultura kəlməsinin məna ekvivalenti kimi qəbul etməyə üstünlük veririk.
Birinci sessiyanın aparıcısı Mayya Caggi də mədəniyyəti kompleks anlayış, cəmiyyət həyatının bütün məqamlarında insanı müşayiət edən, hər sahədə olan bir nəsnə kimi dəyərləndirdi. Mədəniyyət jurnalistikasına gəlincə, bu sahədə çalışanların ən vacib işinin milli, əbədi və dünyəvi dəyərlərə sadiqliyinin, hər yazısı, müsahibəsi ilə oxucusunun mənəvi inkişafına xidmət etməsinin önəmli olduğunu bildirdi. Fikir mübadiləsi, hər iştirakçının şəxsi qənaəti və rəyləri də maraqlı idi.
Doğrudan da, treninq yoldaşlarımı dinlədikcə postsovet məkanında yaşayan və yazan həmkarlarımın təxminən eyni problemlərlə qarşılaşdığını gördüm. Hərçənd maraqlı çıxış yolları, fərqli münasibətlər də var idi. Məsələn, Moldovanın tanınmış uşaq yazıçısı Spiridon Vangelinin «Ququtsenin sərgüzəştləri» silsilə hekayələrinin qəhrəmanı, iri sehrli papağı olan Ququtse adlı balaca oğlanın əhvalatları çoxlarına tanışdır. Yeri gəlmişkən, mən də uşaq olarkən bu əhvalatları çox sevər, dönə-dönə oxuyardım. Demə, Kişinyovda az qala xalq qəhrəmanına çevrilmiş Ququtsenin adı verilmiş kafe var və Ququtsenin papağına oxşayan tort məhz burada bişirilir. Bir müddət əvvəl isə yerli oliqarxlardan biri paytaxtın simasını yaradan məkanlardan sayılan kafeni yerlə yeksan edərək, onun yerində çoxmərtəbəli hotel tikmək fikrinə düşüb. Yalnız əhalinin petisiya toplamaq kimi mədəni etirazı öz tarixi olan bu binanı sökülməkdən xilas edib. Məgər pis təcrübədir?
Bizim də deməyə sözümüz, göstəriləsi nümunəmiz vardı. Məsələn, müzakirələr zamanı həmkarlarım teatrlara, ciddi tamaşa və filmlərə dövlətin gərəyincə diqqət yetirmədiyindən narazılıqlarını bildirdikdə Azərbaycanda nəinki teatr haqqında qanunun qüvvədə olduğunu, hətta teatrla bağlı 2009-2019-cu illər üzrə dövlət proqramının qəbul olunduğunu, bu proqrama əsasən paytaxtda, bölgələrdə teatr binalarının təmir edildiyini və müasir səviyyədə yenidən qurulduğunu, ölkəmizdə beynəlxalq teatr konfransı və festivallarının keçirildiyini eşidəndə heyrətləndilər.
Tapşırığa görə, hər ölkədən bir nəfər olaraq yığışdığımız beynəlxalq komanda çərçivəsində dünyaya hansı mədəniyyət hadisəsini, yaxud janrını çıxara bilərik ki, bu, həm də iqtisadi gəlir gətirsin sualına muğam-caz sintezinin bütün dünyada maraqla qarşılandığını deyəndə slavyan həmkarlarım çox maraqlandılar. Onların suallarına cavab verərkən bədnam qonşumuzun təmsilçisi «bizim caz ifa edən 22 yaşlı pianoçumuz tez-tez qastrola çıxır» replikasını atanda Belarusdan Darya Amalkoviçin «belə gənc yaşda davamlı qastrollar?» təəccübünə Nune Haqverdiyan «bizim diasporumuz çox güclüdür, onlar dəvət edirlər» cavabı ilə qürrələnmək istəyərkən bəndənizdən «Əzizə Mustafazadə, Şahin Növrəsli, İsfar Sarabski, Əminə Fiqarova və azərbaycanlı cazmenlər məşhurlaşmaq üçün yalnız istedadlarına güvəniblər. Həm də Yaponiyanın dünya bazarına işləyən ən məşhur səsyazma şirkəti diaspor yardımı ilə iş görmür» cavabını eşitdi. Vəssalam. Bu da bizim bədnam qonşu ilə neytral zonada iki gün ərzində ilk və son “qarşıdurma” cəhdimiz oldu.
Tbilisi treninqi bizim üçün bir qədər yeni olan mədəniyyətin iqtisadi təməli, yaxud maliyyə gəlirləri, bu istiqamətdə mədəniyyət jurnalistikasının nələr edə biləcəyi barədə yeniliklərlə də maraqlı oldu ki, bu da gələn yazımızda...
Gülcahan Mirməmməd
Bakı-Tbilisi-Bakı