Qısa zamanlar içrə yaratdığı yüzlərlə “yad”ı özündən çox yaşatmış və hələ qat-qat çox yaşadası azman aktyor
“Şəhid” ifadəsi də işlətmək istədim, dərhal da fikrim “antrakt”ladı; qoy hələ onun bu “son zirvə”yə qədərki sənət-həyat şahidliklərindən, öz “özgə”lərini özündən necə uzunömürlü edə (bəzilərinəsə əbədi sənət həyatı verə) bilməsindən bəhs edək.
Əvvəla deyim ki, bu özgür-özünəməxsus sənətkar bütün səhnə-ekran ömrü uzunu o “özgə”lərin “hər nazıyla” oynaya-oynaya oynadı. Dərhal da bir gümanımı ərz edim; bəlkə, dünya səhnə aləminin baş obrazının adını daşıyan bu aktyorun həyatdan bu qədər tez getməsinin bir səbəbi də, elə onun baş monoloqundakı (“Olum, ya ölüm?!”) xitabın ilk ifadə-istəyini bunca dərindən yaşaması imiş (bütün potensialıyla “özgə”lərə mənəvi olum bəxş edə-edə, öz cismani ölümünə yürüməsi)?!.
O, bu qəbil yürü təngnəfəsliklərinə qırx səkkizcə il tab gətirə bildi. 20-25 yaşlarında kinoda yaratdığı, səsləndirdiyi obrazlar bu gün ondan xeyli qoca, qırx ildən çoxdur kino-teleekranlarda azı qırx yol baxıb, düşünüb, zövq almaqdan və hər dəfə yenidən vurulmaqdan doymadığımız Gizir, Talıbov obrazları isə indilər onunla həmyaşıd...
Onun bu obrazlarına belə bir obrazlı yanaşmama “filmin sonu” kimi yox, qeyri-adi istedadının, qabiliyyətinin “avans”ı kimi baxmalı və o dövrün müxtəlif ədib-ssenarist-rejissor üçbucaqlarına qiyabən ünvanladığım “siz onun öz potensialını heç yarıbayarı reallaşdırmasına da nail ola bilmədiniz” replikama şərik olmalı...
Nə deyib, nə yazsaq da, gecdir; qatar gedib...
Bəs “Qatarda”?..
Məncə, həmin teletamaşada böyük həyat tamaşası yaradanlardan biri və situasiyanı haqqın qələbəsinə yönəltmənin başqanıdır Hamlet Xanızadə!
Bəli, oradakı “Dadaşov”a (dadaşovçuluğa) bu qədər bədii-həyati-xəlqi nifrət bəsləyib, öz dil və sir-sifət nitqilə bu qədər ikrah hissi yaradıb, maddəsiz-hökmsüz cəzalandırıb islah etmək - nə hər hansı bir qoluzorlunun, nə hüquq-mühafizə orqanının işidir!
Həmkarları danışırlar ki, sənət-səhnə nümunələrində Teymurluq-Qacarlıqlara daha çox meyllənsə də, Hamlet yaratdığı əks qütblü hər bir bədii obraza məxsus xarakterial yükü səhnə-ekransonrası da daşımaqda davam edirmiş.
Bu məqamda elə həmin “Qatarda” ilə ilgili (bu telefilmə yaradıcı heyət “baxış”ından sonrakı) bir epizodu xatırladım. Bu “doğal aktyor”a yaxınlaşan yazıçı İsi Məlikzadə: “Hamlet əfəndi, nəhayət, roldan-ruldan çıx, sənə sözüm var. Məlumun olsun ki, sən bu halal-hümmət “KamAz Qasım”ı mənim qələmimdəkindən daha kamil yaratmısan!..”
Bax belə. “Qatarda”larda xərclənə-xərclənə, “ona-buna” duyğulana-duyğulana, növbənöv obrazlara can verə-verə - “20 Yanvar” adlı milli faciə “tamaşa”sına tamaşaçı olmağa canı qalmadı. Ömrün qırx səkkizinci baharınadək dözüb, qırx doqquzuncu qışında bu dünyanın “gedimli” qatarı ilə getdi...
Bir az da -
“Gəlimli”liyindən...
Bu adi bioloji olay 1941-ci il iyunun 5-də Bakının Şağan kəndində baş verib. 18 yaşında Teatr İnstitutuna oxumağa, 20 yaşında isə Akademik Dram Teatrına işləməyə gedib çıxıb.
Bu faktoloji qeydlərə, bütün məşhurların tərcümeyi-halının “yaraşığı” olan taftaloji bir əlavə: “Bəbir kişi oğlunu heç bir halda aktyor görmək istəmirdi” (Aaa, bəs nədən, bu uşağa cılxa teatr aləmini ehtiva edən “Hamlet” adını qoyubmuşlar)...
Yenicə düşdüyü teatr ailəsindəsə onu “Canlı Hamlet” kimi major replikalarla qarşılayanlar olub.
Bu adam elə ilk oyunlarından səhnəçilərə suflyorsuz monoloq-dialoqlar, kinoçulara “dubl”suzluqlar vəd edib. Hələ ali məktəb tələbəsiykən tərəf-müqabillik etdiyi nəhənglərdən (H.Qurbanova, A.Gəraybəyli, İ.Osmanlı, Ə.Ağayev və b.) canlı universitet təlim-təmrinləri mənimsəyə-mənimsəyə püxtələşib. Sənət aləmində ilk təltifatları “Ən az vaxt alan”, “ən az lentkorlayan” kimi deyimlər olub.
Qırx səkkiz ilin iyirmi səkkizində yaratdıqları isə qalın bir kitablıq. Özü də, tək elə qalın yox, əbədi qalan kitablıq. Bunu onun saysız səhnə obrazları, yüzə yaxın filmoqrafiya fakt-fakturaları bəyan edir. Bəzən “gəldi-gedər” kimi baxılan (hər iki mənada) televiziya tamaşalarında yaratdığı surətlər “köklü-köməcli” hesab edilən kinofilmlərdəki obrazlarına tən. Məsələn, bu aktyor “Topal Teymur”da necə zühur edir!? İnanmıram ki, kimsə bu nida-sualı onun tamaşaçıya verdiyi emosional-rasional mənzərəyə adekvat cavablandıra bilsin. Nə qədər dərinə getsən də, onun göziçi dərinliklərindən dayaz! Ətrafındakı teatral qurama, əlbəsə, ən müasir musiqi alətlərinin polifonik-ultral sədaları və sair şərtiliklər - onun yaratdığı real qədimliyin yanında pəs! Onun sənət “iç”indən (bəlkə heç Teymurləngin özünün yaşaya bilmədiyi) orta əsrlər psixologiyası, şahlıq ehtirası, rəyasət taktikaları, tiran strategiyaları püskürür. Bu “lava”nın axarında “düz” yol tutub getməkdə olan tamaşaçı hərdən “büdrəməli” də olur; həşəmətli Teymurun çox padşahları düzdə qoyan qüsurunu (topallığını) bu əzəmətli sənətkarın bu sayaq ecazkaranə təqlidinə binaən! (“Təqlid”?! Yox, inanmıram, Teymurləng özü bu sayaq yerimiş, bu gözəllikdə, bu vahimə-həngaməlikdə ləngər vurmuş olsun!) Onun hər cümləyə dair yaşadığı surəti-hallar, suallarında belə hiss etdirdiyi nidalar, ədalarındakı vurğular, qəzəbli qəhqəhələrindən qalxan qılınc-qalxanlar isə bayaq vurğuladığım kitablıq...
Yüzlərlə teatr tamaşasının hər birində tam seçkin, tamamilə yeni ampluada çıxış etmiş bu aktyor “Yeddi oğul istərəm”dəki “Gizir”ilə, məncə, bir sənət generallığına nail oldu. Həmin filmin bir neçə (!) “kulminasiya nöqtə”sindən biri: “Qan çanağı”nda çox gərgin halda var-gəldə ikən, çıxılmazlığını “Belə-belə işlər, Gizir!” püskürtüsü ilə ifadə edən Gəray bəyin qarşısında yeddi patron. Fokusdan çıxarılan bu obyektin ardınca iki müsahibin gözləri də görünür və deməli, on bir patron! Və Gizirin, bəy-xan dünyasına xilaf çıxmış Cəlalın qanına susamış səsi: “Məndən olsa... - baş barmağıyla patronlardan birini (birincisini!) aşırır, - elə birinci Şəkər bəyin oğlunu aradan götürərdik, bəy!”
Onun həmin filmdəki ölüm aktı isə ayrıca bir görəcək! Başqalarının həyatına “uf” demədən qıyan bu adamın tək qolu ilə böyründəki ağaca necə sarmaşmaq istəməsini, barmaqlarının uclarıyla həyat diləyə-diləyə, əllərindən çıxmaqda olan torpağa nə sayaq sərilməsini deyir, bu heyrətimə - ekranda belə bir bənzərsiz halətlə ölən bu aktyorun həyatda növbəti bir sənət diriliyi də qazandığını əlavə edir və keçirəm -
Xatirələrə
Bu qısa ömrün son ekran səhifəsi olan “Qətl günü”nün məşq mərhələlərindən söz açan həyat yoldaşı Nailə xanım: “Çəkilişlər zamanı, gündə neçə yol ölüb-dirilirdi. Bir kərə də, filmdəki dövrlə bağlı ədəbiyyat nümunələrinə göz gəzdirirkən: “Gör biz necə böyük bir millətin övladlarıyıq!”-deyib, dəruni bir köks ötürdü...
Təəssüf ki, milli taleyimizin ağrı əks-sədalarından olan bu filmə Hamletsiz baxdıq. Həyatın ölüm adlı amansızlığı imkan vermədi ki, o, bu obrazı tamaşaçıların necə maraq və sevgiylə qarşılandığının şahidi olsun...”
Səhnə tərəf-müqabil olduğu Xalq artisti Şəfiqə Məmmədova: “Biz Hamleti qoruya bilmədik. Amma... həm də... elə bir incə ürəyi o dəhşətlər içində qorumaqmı olardı!?.”
Şəfiqə xanımın bu ikicə qısa cümləsində söhbət uzundan-uzun 20 Yanvar gecə-gündüzlərindən, bu ictimai faciəyə qədər səhnələrdə neçə-neçə ümummilli fəci-fərd obrazları yaratmış böyük aktyorumuzun bu ağır milli dərdi çəkə bilməməsindən gedir.
Həyat səhnəmizin (o zaman hələ ad verilməmiş) Şəhidlər xiyabanındakı milli ağı sellərindən qopan acı fəryad yelləri oradakı ali şahidlərdən birinin qəlbinədək işlədi, işlədi və sənət səhnəmizin bu parlaq ulduzunu cismən söndürdü!
Adına “ilahi rejissura” da deyilməsi mümkün tale mizanında bu qəbil şəhidlər də olur...
Allah rəhmət eləsin...
Tahir Abbaslı