Son on ildə haqqında yazdığım bu üçüncü məqalə onun “Üçüncü simfoniya”sı fonunda...
   
   Bu simfoniya barədə saysız-hesabsız gözəl fikirlərdən, heyranlıqlardan biri də, məşhur musiqi nəzəriyyəçisi M.Aranovskinin ilk baxışda quru səslənən bir qənaəti: “Qara Qarayev bu ecazkar əsərində 12 tonlu texnikaya müraciət edərkən milli ənənələrlə əlaqəni ustadlıqla davam etdirir, bu texnikanı “öz milli musiqi dili” çərçivəsində heyrətamiz şəkildə çatdırır”.   
   Bu yazımda “bu Tanrısal istedad sahibilə bağlı nə kimi yeni epitetlər işlətməli” istixarəsində ikən, “xalqımıza Tanrı lütfü” ifadəsi ardınca, ovaxtların “Qara Qarayev və Nazim Hikmət” kimi ictimai əks-sədalı bir olayını da xatırladım. Hə, dövrün mühüm bir tədbirində onlar salonun qapısına eyni anda yaxınlaşır və Qarayev hörmətlə deyir: “Nazim əfəndi, buyurun”. N.Hikmətsə eyni sayğıyla “Xeyr, öncə Siz buyurmalısınız” deyir. Şairdən yaşca kiçik (və ovaxtlar ondan daha məşhur) olmasını nəzərə alan bəstəkar: “Nazim əfəndi, xahiş edirəm, Siz böyüksünüz” söylərkən Nazim Hikmət: “Əvvəlcə dahilər, sonra böyüklər!” - deyərək onu qucaqlayıb salona salır...
   Mətləbə qayıdaraq əlavə edim ki, “Üçüncü simfoniya” şedevrini dalbadal bir neçə kərə dinləyən D.Şostakoviç belə bir qənaətə gəlib: “Bu böyük azərbaycanlının böyük uğurlarından biri də, milli ənənələri, ən müasir musiqi formalarını klassik irslə yalnız özünəxas bir ustalıqla sintezləşdirməsidir”.
   Bu məqamda hərdən “kosmopolitizm”də qınanılan bu fövqəlmillinin öz sözlərini də xatırlayaq: “Yanılırsınız, yoldaşlar. Mən həyatım boyu öz xalqımızın mədəniyyətilə nəfəs almışam. Mən bu xalqı ən müdrik müəllimim hesab etmişəm. Mən “İldırımlı yollarla” baletimdə də, hətta “Don Kixot” qravürlərimdə də büsbütün azərbaycanlıyam!..”
   Belə nəhənglərdən layiqincə bəhs etmək üçün universal ahənglər gərək... 
   Çünki belələri öz sənətlərilə öz portretlərini hamıdan yaxşı yaratmışlar. Bu nəhəngin də - başqaları tərəfindən fırça və sözlə yaradılmış portretləri az deyil. Ancaq bunlar onun özü yox, hər biri fraqmental bir cüzi... 
   Məsələn, siz onun fotolardakı baxışlarına bir də baxın! Kadrlardakı jestlərini, hər an eko-kültüral taktlar ovlayan göz qırpımlarını, bəşəriyyəti psixo-sosioloji imtahanlardan azad etməyə yönəli melo-terapiya testlərini xatırlayın. Asta baxın, bəstə xatırlayın, usta düşünün... Şax-şahanə duruşunda bir vuruş. Geniş və apaçıq (hər iki mənada) alnı tale və sənət ekranı. Bir qulağı həmsöhbətində, o biri - doxsan doqquz tam onda doqquzunu tanımadığı, üzlərini görmədiyi müasir milyonların, gələcək milyardların yeni gözləntilərində; özü də ədasız, hay-küysüz. Amma həm də “darı dələn” nisbətində... 
   Bu məqamda onun “kosmopolitizm”inə dair daha bir xatirə. Bir gün jurnalistlərdən biri (Vaqif Əlixanov) ona zəng edib, radio üçün müsahibə almaq istədiyini bildirir və “gəlin, evdə söhbətləşək” cavabını alır. Qapını özü açır və müxbir ayaqqabılarını kandarda çıxarmaq istərkən, çox səmimi bir təklif eşidir: “Lazım deyil, buyurun, keçin. Ayaqqabınızı məscidə gedəndə çıxararsız...” 
   Bu an onun bu sözlərinin təsirindən çıxıb, uzun illər “kosmo”luqla “səslənmiş” həmin simfoniyasının xəyalatına dalıram... 
   Ən yeni texniki üsulla (və həm də (!) Azərbaycan aşıq havacatından qeyri-adi ustalıqla istifadəylə) yazılmış bu simfoniya yalnız bu azərbaycanlı bəstəkarın yaradıcılığında deyil, ümumən sovet musiqisinin inkişafında yeni mərhələ sayılıb.
   
   Həmin “mərhələ”yədək...
   
   Bu böyük yenilikçi haqda bir az sonra toxunacağım “ilk”liklərə ayaq olaraq öncə qeyd edim ki, 1918-ci il fevralın 5-də Bakıda (məşhur həkim-pediatr Əbülfəz Qarayev və Sona xanım İsgəndər qızı ailəsində) anadan olub, nəticədə milli-bəşəri sənət və ziyalılıq zirvəsinə yüksəlmiş bu dahi özünəqədərki nəsil-şəcərəsində ömrünü bütünlüklə musiqi sənətinə həsr etmiş Qarayev kimi də ilk...
   İyirmi beş-otuz yaşlarından möhtəşəmliyə yürüməyə başlamış bu fenomenin dahiliyini elə o çağlardan Ü.Hacıbəyli, D.Şostakoviç, İ.Stravinski, L.Koqan, T.Xrennikov kimi nəhənglər də etiraf edir, bir qədər sonralar maestro Niyazi, S.Hacıbəyov, A.Məlikov, dostlarından akademik A.Mirzəcanzadə onun haqqında heyranlıqla danışır, dövrünü xeyli qabaqlamış musiqisinin incəlikləri barədə son dərəcə orijinal məqalələr yazırdılar. 
   Bizsə (60-70-ci illərin təəssübkeş tələbələri) bu kimi nüansları “milli can dəftəri”mizə köçürər və (elə o illərin işlək leksikonuyla desək) “dotələb” tələbəlik zamanı keçdikcə “analiz” edib görərdik bunların, demək olar, hamısı onun mütləq dahiliyindən xəbər verir. Dinləyicilik, mahiyyətəvarıcılıq qabiliyyətimiz dərinləşdikcəsə, bu “xəbər”lərdə “o boyda istedad, şan-şöhrət müqabilində bu boyda sadəlik, təvazökarlıq Mübtədası?!” kimi heyrət hissləri də keçirərdik... 
   Təpədən-dırnağa, qaynaqdan-qaymağa dünyəvi sənət adamı olmuş bu fenomen haqda danışılan “yerli” söhbətlərin özü də incəsənət dad-tamında. Məsələn, deyirlər, məişət məsələlərində asanlıqla aldadılası bu adamı sənət aləmində kiçicik bir yanlışa da qoşmaq mümkünsüzmüş. Bütün canı-qanıyla bakılı olsa da, sonralar öz musiqilərilə fəth edəcəyi meqapolislərə nisbətdə çox balaca olan bu şəhəri düz-əməlli tanımırmış...
   
   Amma...
   
   Bu şanlı Azərbaycanlı dünyəvi sənətlərin ən munis-mənəvisi olan Musiqi “şəhər”inin hər döngə-dalanına bələd və onun fateh-hökmranlarından idi!.. 
   O bu zirvəyə tək elə ilahi vergi doğuluşu ilə yox, əhatə olunduğu insani təlim-təmrinlər - universal ziyalılıq-kübarlıq səciyyəli bir ailədən, habelə Üzeyir Hacıbəyli dərsləri hesabına yüksəlmişdi. O, bu nüansı vaxtaşırı müsahibələrində də vurğulayırdı: “...Mən təhsilə Hacıbəyovdan başlamış, Şostakoviçdə tamamlamışam. Şərq və Qərb məndə - ilk bəstəkarlıq təcrübələrimdən etibarən bir vəhdət təşkil edib”. Bu, bəstəkarın dünyanın müxtəlif xalqlarının ictimai-mədəni-siyasi həyatındakı mətləblərə müraciətən yazdığı əsərlərdə də hiss olunur və əlavə edək ki, həmin nümunələrin heç biri bizim milli musiqi taktlarımızdan xali deyil. O, fərqli musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqədə öyrənilib, bəstələrdə reallaşdırılmasını tələbələrinə də daim tövsiyə etmişdir. 
   İndi, yuxarıda onun yenilikçi-“ilk”çiliklərinə etdiyimiz bir işarəti davam etdirək:
   - unikal əsərlərinin dünya səhnələrinə personal-yol tapmasıyla beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarı; 
   - “Birinci simfoniya”sıyla milli simfoniya janrının təməlçisi, musiqi sənətinin, demək olar, bütün janrlarında şedevr işləmələri və s. 
   Bu böyük İnsanın sırf “sənət möhürlü” olmayan bir “ilk”i haqda isə (həm də əvvəldən vurğuladığım “fon” və “kosmopolitizm” terminlərinin diktəsilə) belə bir yarımbaşlıq -
    
   Deyirlər, yazırlar və görmüşəm ki...
   
   Bunu o dövr “ağzıgöyçək”lərinin işlətdiyi “jest termini” kimi yaza bilərdim. 
   ...Bəstəkarın anası dünyasını dəyişib. Nizami kinoteatrıyla üzbəüz “monolit” binanın həyət-bacasında adam əlindən tərpənmək olmur. Əksəriyyət gözləyir ki, ha indi, ha bir azdan burada dəfn orkestri gurlayacaq. Amma… birdən, başı əmmaməli üç-dörd molla “Ərrəhman” surəsi oxuya-oxuya həyətə çıxır. Arxalarınca atlaz örtüklü mafə, mafə ardıncasa isə, bu şan-şöhrətdə ikən bütün görkəmindən anasızlıq yağa-yağa irəliləyən Qara Qarayev...
   ...Və bir səs: “Bu da, “vidimo”, bir jest. Yəni, mən əsl xalq adamıyam...” “Dövrün diktəsi” də hesab ediləsi o atmacanın alt qatı da vardı və bu matəm mərasimindəki “molla məsələsi” fəal gedişatı xeyli dərəcədə durğunlaşdırır. Bu anlarda Qara müəllim, müxtəlif baxışlı gözlər önündəcə sürətlə qocalır. Və bunu ilk olaraq duyan Xalq şairi Rəsul Rza ləngərli addımlarıyla izdiham içərisindən çıxıb, ona yaxınlaşır və ehtiramla qoluna girir. Hamıdan artıq hüznlü dahi, ağrısına və müsəlman əxlaqına şərik dahini yanında görüb dirçəlir, başını ehmallıca onun çiyninə söykəyir, hiss olunacaq dərəcədə xəfifcə hönkürür və biri-birinə sığınıb, yaradıcılıqlarındakı bənzərsizlikləri xatırladan addımlarla izdihamla birgə irəliləyirlər...
   
   Tahir Abbaslı