Şəki şəhər Nakam adına Mərkəzi kitabxanada böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar "Mən cahan mülkündə mütləq doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim" adlı poeziya axşamı keçirilib. Tədbirdə şəhər ziyalıları və Şəki Pedaqoji Kollecinin tələbələri iştirak edib.
Tədbirdə əvvəlcə Vaqifin “Görmədim” müxəmməsi tələbələr tərəfindən səsləndirilib. Şairə Cəvahir Qaraqızı müəllifin “Hayıf ki, yoxdur” şeirini söyləyib.
Şair Şahid Məmmədkərimov, 5 saylı orta məktəbin ədəbiyyat müəlliməsi, şairə Bahar Səmin, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov Vaqifin yaradıcılığından, poetik məziyyətlərindən danışıblar. Şairin “Durnalar” şeirinə Cahangir Cahangirovun bəstələdiyi mahnı Yalçın Rzazadənin ifasında dinlənilib.
Şair, publisist, pedaqoq Ramiz Orsər Vaqifin Şəki ilə əlaqəsi, Hüseyn xan Müştaqla dostluğundan, XVII əsrin sonlarında yaşamış şair Əhməd Əfəndi Zövqinin (Şikəst) şeirlərinə nəzirə yazmasından bəhs edib.