Azərbaycanda peşəkar milli teatrın əsası 1873-cü ildə qoyulsa da, qadınların bu sənətə gəlişi onillər sonra baş verib. XX yüzilliyin əvvəllərində mövhumatçıların tənə və təzyiqlərinə baxmayaraq, özündə cəsarət tapıb teatr səhnəsinə ayaq basan ilk xanımlardan biri Gövhər Qazıyeva olub.
   Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailədə anadan olub. Şəhərdəki Nəcib Qızlar İnstitutunda təhsil alıb. Tiflisin mədəni mühiti erkən çağlardan gənc qızda teatra dərin maraq oyadır. O, teatr həvəsi barədə atasına məlumat verir və valideynləri onun arzusunun gerçəkləşməsinə yardımçı olurlar. Həmin vaxt Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Onlardan biri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti”, digəri Həbib bəy Köçərlinskinin başçılıq etdiyi “Səadət” truppası idi.
   1906-cı ildə səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın səhnəsində uğurla çıxış edir. 9 oktyabr 1910-cu il tarixdə şəhərdəki Zadəgan Teatrında çıxış etdiyi Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” tamaşası ictimaiyyət tərəfindən maraqla qarşılanır. Oktyabrın 30-da isə “Səadət” dram kollektivi türk müəllifi Şəmsəddin Saminin “Gaveyi-ahəngə” (“Dəmirçi Gavə”) pyesini tamaşaya qoyur. Tamaşada G.Qazıyeva Xubçöhr rolunda çıxış edir. 
   Çox keçmir, gənc aktrisanın şöhrəti Tiflis şəhərinin hüdudlarını aşır. Bakıda onun haqqında qəzetlərdə məqalələr dərc edilir. Beləliklə, “Nicat” xeyriyyə cəmiyyəti Gövhər xanımı Bakıya dəvət edir.
   Araşdırmalardan məlum olur ki, Nəriman Nərimanovun “Nadir şah” pyesində Gülcahan, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” tamaşasında Hafizə, “Bəxtsiz cavan”da Mehri xanım, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərində Pərizad rollarını yüksək peşəkarlıqla yaradıb. Onun Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Gülnaz, “Leyli və Məcnun”da Leyli obrazları da özünəməxsusluğu ilə yadda qalıb. 
   Onu da qeyd edək ki, 1911-ci il mayın 26-da və 30-da Tiflisdə G.Qazıyevanın benefisi keçirilir. Gecədə Z.Hacıbəyovun “On bir yaşlı arvad” pyesi oynanılır. Ancaq azərbaycanlı qadının səhnəyə çıxması bəzi qaragüruhçuları narahat edir və onlar müxtəlif təxribatlar törədirlər.
   G.Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları - Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mirseyfəddin Kirmanşahlı və başqaları ilə tərəf-müqabil olub. O, M.Əliyevlə ilk dəfə Tiflisdə “Əlli yaşında cavan” (Z.Hacıbəyov) tamaşasında bir səhnəni bölüşüb. Sonra onlar İrəvanda səhnəyə çıxırlar. Bu sənət dostluğu sonralar məhəbbətə çevrilir. Onlar 1912-ci ilin mayında ailə həyatı qurur və Bakıya köçürlər. Lakin bundan sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə vermədiyinə görə onlar ayrılırlar. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində M.Əliyev həmin il Həştərxana sürgün olunur. Gövhər xanım isə 1913-cü ildə Polşaya gedərək Varşavadakı “Müqəddəs Sofiya” tibb məktəbinə daxil olur. 1915-ci ildə təhsilini başa vurur və Bakıya qayıdır, ixtisası üzrə fəaliyyətə başlayır.
   Bir müddət sonra ikinci dəfə ailə həyatı qurur və bir daha səhnəyə çıxmır. İrana köçür və uzun illərdən sonra - 1937-ci ildə bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları onu böyük təmtəraqla qarşılayırlar. Hətta teatrda şərəfinə qəbul da təşkil edirlər. O, Cəfər Cabbarlının “Almaz” pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi bir hadisə baş verir. G.Qazıyeva on beş il olar ki, üzünü görmədiyi oğlu İsmayılı tapır. Qəfil sevincdən özünü itirən xanım hamıya hədiyyə paylayır... 
   Azərbaycan teatrının ilk qadın aktrisası kimi tanınan Gövhər Qazıyeva 1960-cı ildə Cənubi Azərbaycanda dünyasını dəyişib. 
   
   Savalan Fərəcov