Kinoteatrlarda “Qatil” bədii filminin nümayişi başlanır
Fevralın 9-dan Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə layihəsi olan “Bizim kino günləri 2017” layihəsi çərçivəsində “Qatil” bədii filminin kinoteatrlarda nümayişi başlanır.
Xalq yazıçısı Elçinin eyniadlı pyesinin motivləri əsasında rejissor Kamran Şahmərdanın çəkdiyi “Qatil” filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət evində baş tutacaq. Fevralın 15-dək davam edəcək seanslar haqqında məlumat kinoteatrların saytlarında və “Azərbaycanfilm”in facebook səhifəsində yerləşdiriləcək.
“Qatil” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Filmin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirib.