Gənclər və İdman Nazirliyi Gənclər Günü münasibətilə 2016-cı ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb.
“İlin gənc aktyoru” nominasiyasında mükafata Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Əmrah Dadaşov layiq görülüb. Əmrah Dadaşov ötən il Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında səhnələşdirilmiş “Baladadaşın toy hamamı” musiqili lirik komediyasında baş qəhrəmanı - Baladadaş obrazını canlandırmaqla böyük səhnəyə gəlib, tamaşaçıların rəğbətini qazanıb.
“Özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda həm də teatrımızın gənclərinə, bizə bu işdə dəstək olan insanlara verilib. Musiqili Teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm ki, hələ tələbə ikən bu obrazı mənə etibar etməklə böyük etimad göstərdi. Baladadaş rolu mənim həyatımda dönüş nöqtəsi olmaqla yanaşı, həm də çox düşərli oldu. Çalışacağam ki, bundan sonra uğurlarım daha da çox olsun”, - deyə aktyor bildirib.