Fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı qışın sazağından çəkinib evdə oturmayan əsl operasevərlərə gözəl və güclü səslər toplusu kimi dəyərləndirilə bilən tamaşa zövqü yaşatmaqla qəlblərini isitdi. Nə vaxtdan bəri paytaxt afişalarını bəzəyən C.Puççininin «Bohema» operasının növbəti tamaşası baş tutdu. 
   
   Əvvəlcədən anons edildiyi kimi, əsas qadın partiyalarını bizim teatrın güclü qadın sopranoları - əməkdar artistlər Afaq Abbasova (Mimi) və İnarə Babayeva (Müzetta), kişi partiyalarını isə dəvətli vokalçılar - Belarusun Əməkdar artisti Vladimir Qromov (Marsel), bir də illər öncə Bülbül adına beynəlxalq müsabiqədə I mükafatı və «müsabiqənin ən yaxşı tenoru» adını qazanmış Özbəkistanın Xalq artisti Ramiz Usmanov (Rudolf) ifa edirdilər. Vladimir Qromov bir neçə ildən bəri ara-sıra Bakı teatrında güclü bariton səsi və maraqlı ifa tərzi, aktyorluq məharəti ilə pərəstişkarlar qazanıb, lirik tenor Ramiz Usmanovun səsini isə 2010-cu ildəki müsabiqədən sonra eşitməmişdik. 
   Əminik ki, «Bohema»ya tamaşa etmək üçün teatra gələnlər zərrəcə peşman olmadılar. Əgər biz opera tamaşalarında ayrı-ayrı vokalçıların uğurlu çıxışı ilə bərabər bəzi qastrolçuların kollektivə dərhal uyuşa bilmədiyinə, kiminsə kölgədə qaldığına təəssüf ediriksə, bu dəfə orkestr də (bəzi məqamlarda hədsiz yüksək tonu çıxmaqla), xor da, hətta ifası reçitativlə bitən solistlər də tamaşanın yüksək səviyyədə keçməsinə öz töhfəsini verdi. Bir sözlə, ötən şənbə «Bohema»nın günü idi. 
   
   Bizim cəmiyyətdə Bohema kəlməsi dünyaca məşhur dekorativ-tətbiqi sənət nümunələri markası və şüşə əşyalar istehsalı ilə ad çıxarmış yer (Bohemia, Çexiya) kimi tanınsa da, Puççininin «Bohema»sının deyilənlərə heç bir aidiyyəti yoxdur. İlkin mənasını itirərək sənət həvəsli, sənət sənət üçündür ideyası ilə yaradıcılığa başlayan və həm də bu səbəbdən çox zaman səfalət içində yaşayan aktyor və şairlərin, musiqiçi və rəssamların yığnağını bildirən bu kəlmə əbəs yerə operanın adı seçilməyib. Səhnə əsərinin librettosu fransız yazıçısı Anri Mürjenin «Bohema həyatından səhnələr» romanı əsasında yazılıb. Elə Cakomo Puççini də bəstəkar kimi şöhrət tapanadək şəhər mərkəzindəki binaların ucuz mansardlarında yarıac, yarıtox günlər az keçirməyib. 
   
   Azərbaycan hər zaman güclü səslərlə seçilib. Bununla belə, bizim opera teatrı heç də həmişə güclü vokal səs, xüsusilə də qadın səslərinin bolluğunu yaşamayıb. Bu gün isə xoşbəxtlikdən belə deyil. Teatrın güclü və daha cavan iki sopranosu - Afaq Abbasova və İnarə Babayeva bu tamaşada Mimi və Müzetta partiyalarını ifa edirdilər. 
   Bir anda şair qonşusuna aşiq olan, düşünmədən onunla birgə yaşamağa qərar verən, sonra da sevgilisinin qısqanclığından, onu səbəbsiz incitməsindən üzülən, əlacsız xəstə olduğunu bildikdə Rudolfa əziyyət verməmək üçün onu tərk edən, ömrünün sonunda isə yenidən sevgisinin yanına dönən Miminin həm ifa partiyaları çoxdur, həm də obrazın düşdüyü vəziyyətdən asılı olaraq, yaşantıları fərqlidir. Üstəlik, vokalçı tamaşaçını ölüm yatağına düşən obrazının xəstə halına həm inandırmalı, həm də tam səsi ilə partiyasını ifa etməlidir. Afaq Abbasovanın öz gözəl simasını bilərəkdən solğunlaşdırması, daxilindəki dramatik aktrisa məharətini qabartması onun Mimisinə alqışlar qazandırdı. Rudolf (Ramiz Usmanov) ilə səhnələrində də təbii, sadəlövh, çəkingən olduğu qədər cəsarətli Mimi heç şübhəsiz ki, operamızın gənc primasının sənət uğurudur. 
   Müzetta (İnarə Babayeva) da görkəmindəki incəliyinə, səsinə, qəlbə təsir edən ifasına, aktrisalıq məharətinə görə Mimidən geri qalmırdı. Rəfiqəsindən fərqli olaraq, gözəlliyi və işvəkarlığı ilə yaşlı, amma varlı Alsindoru (Xalq artisti Əli Əsgərov) özünə aşiq edən, onun pullarını təkcə özünə deyil, həm də dostlarına səxavətlə xərcləyən Müzetta küsdüyü rəssam sevgilisi Marseli qısqandırdığı, onunla barışdığı, sonradan yenə də dalaşdığı səhnələrdə əsl xarakterik aktrisa kimi davranırdı. Müzetta nə qədər yüngülbeyin olsa da, maddi çətinliyə tablaşmasa da, rəfiqəsini xilas etmək üçün öz zinət əşyalarından keçəcək qədər ürəyiaçıq və səxavətlidir. 
   Öz ölkəsində həm də aktyor kimi film və seriallara çəkilən Vladimir Qromov isə Marselin partiyasına sırf aktyor cizgiləri qatmaqla Bakı tamaşaçısının ona bəslədiyi rəğbəti bir qədər də artırdı. İndiyədək bizim teatrda onun çıxış etdiyi tamaşalarda bu əsl səhnə görünüşlü, yaraşıqlı baritonun səhnə cazibəsinə düşməmək mümkün deyil. 
   Özbəkistanın Xalq artisti, iştirak etdiyi bir vokal yarışmasında «Özbəkistan bülbülü» adını qazanmış Ramiz Usmanov Rudolfun «Che gelida manina» («Soyuq əl») ariyasından sonra salonu gurultulu alqış sədaları bürüdü. Usmanovun səsini eşitməmiş və Rudolfun ariyasının lirik tenor üçün operada nə demək olduğundan xəbərsiz oxucuya azacıq bilgi vermək istərdik. Hətta bircə Avropa operasını dinləməmiş oxucumuz da «Bəxtiyar» filmində Bəxtiyarın konservatoriyada dərs zamanı oxuduğu ariyanın melodiyasını xatırlayır. Həmin ariya məhz «Bohema» operasından Rudolfun ariyasıdır. Tamaşanın əvvəlində oxunan ariya ifaçının dinləyicinin ürəyinə yol tapıb-tapmadığını müəyyən edir. Ramiz Usmanovun ifasının nə qədər ürəkaçan olduğuna əmin olmaq üçünsə onun səsinin mərhum Rəşid Behbudovun səsinə çox oxşadığını, təxminən eyni tonallıqda olduğunu təsəvvür edin. Tamaşanın əvvəlində Ramiz Usmanov bir qədər çəkingən təsir bağışlasa (hər necə olsa, onun üçün yeni səhnədə tanımadığı kollektivlə ilk çıxışı idi) da, bu ariyadan sonra tenorun «buxovları» açıldı. 
   Əməkdar artist Əkrəm Poladov (Kolen) ifa etdiyi partiyanın böyük-kiçikliyinə, xarakterinə baxmadan, daim formada, öz partiyasının dramatik yükünü daşımaqda israrlıdır.
   Gənc baritonumuz, səhnədə həm də aktyor kimi yaddaqalan Tural Ağasıyev də musiqiçi Şonarı dostcanlı, hətta çox kövrək biri kimi çatdıra bildi. Mimi ölüm yatağına düşərkən Şonarın gənc qızın şam kimi əriməsinə canıyanan reaksiyası vokalçının əsl aktyor kimi öz rolunun ikinci planını həmin səhnədəki bütün iştirakçılardan daha təbii çatdırması kimi qeyd edə bilərik. 
   
   Əgər sənət ilahələri barədə deyilənlər düzdürsə, o zaman opera və musiqi ilahəsi ötən şənbə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını özünə məkan seçmişdi. Belə olmasaydı, sənət üçün yaşayan, sənətlə bağlı arzuları səfalətin qurbanı olan gənc istedadların faciəsini çatdıran «Bohema»da bir-birindən güclü səslər bəhsə girməz, bu bəhsin sonunda isə klassik musiqi, əsl sənət qalib gəlməzdi. 
   
   Gülcahan