Martın 7-dən aprelin 13-dək Moskva Dövlət Konservatoriyasının Böyük salonunda azərbaycanlı opera ulduzu Dinarə Əliyevanın bədii rəhbəri olduğu II «Opera Art» festivalı keçiriləcək.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Xalq artisti Xuraman Qasımovanın yetirməsi, respublikanın Əməkdar artisti, Moskva Böyük Teatrının solisti Dinarə Əliyeva illərdir ki, bütün dünyada tanınır, Avropanın ən sanballı opera teatrlarında çıxış edir.
Festival proqramına daxil olan beş konsertdə görkəmli müğənnilər, dirijorlar, simfonik və xor kollektivləri məşhur opera partituralarını ifa etmək üçün bir araya gələcəklər. Layihə barədə yayılan məlumatda deyilir ki, bu festivalı yaratmaqda Dinarə xanımın məqsədi Moskva klassik musiqisevərlərini dünyanın müxtəlif guşələrindən olan dostlarının, birlikdə çalışdığı həmkarlarının sənətkarlığı ilə tanış etməkdir. Festivalın proqramında məşhur operaların musiqisini həm fraqment, həm də konsert ifasında tam təqdimatı nəzərdə tutulub.
Belə ki, «Opera Art» festivalında teatrlarda seyrək oynanılan iki opera - C.Puççininin «Qaranquş» (martın 7-də açılış günü) və C.Verdinin «Trubadur» operaları (aprelin 6-da) konsert formatında təqdim ediləcək.
«Qaranquş» operasında Maqdanın partiyasını ifa edən Dinarə Əliyevanın tərəfdaşı dünyaca ünlü tenor Çarlz Kastronovo olacaq. Digər partiyaları isə Marina Zyatkova və Alvaro Zambrano ifa edəcək. Yeri gəlmişkən, iki il əvvəl, Berlində Alman Opera Teatrında «Qaranquş» operasının premyerasında məhz bu heyət çıxış etmişdi.
«Trubadur»a dirijorluq etmək üçün 2015-ci ildə İsrail Dövlət Opera Teatrında tamaşaya qoyulmuş operanın musiqi rəhbəri, görkəmli dirijor Daniel Oren dəvət edilib. Bu tamaşa-konsertdə Dinarə Əliyevanın (Leonora) tərəfdaşı moskvalıların da yaxşı tanıdığı türk tenor Murat Karahan (trubadur Manriko) olacaq.
Martın 16-na təyin edilmiş kamera konsert proqramında Dinarə Əliyeva pianoçu Lübov Venjikin müşayiəti ilə rus bəstəkarlarının romanslarını ifa edəcək.
Martın 23-də xüsusi qala-konsert görkəmli vokal müəllimi Svetlana Nesterenkoya ithaf edilib. Bu konsertdə pedaqoqun yetirmələri Yekaterina Lyoxina, Olqa Quryakova, Marina Zyatkova, Aleksey Neklyudov, Aleksandr Vinoqradov Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə öz sənət müəllimlərinə ehtiramlarını bildirəcəklər.
Festivalın bağlanışı isə daha bir qala-konset ilə əlamətdar olacaq. Aprelin 13-də Dinarə Əliyeva Amerika operasının gənc ulduzu tenor Stiven Kastello ilə eyni səhnəni paylaşacaq.
«Opera Art» festivalının proqramından göründüyü kimi, hər konsert opera sənəti pərəstişkarlarına unudulmaz sənət zövqü bəxş edəcək.
G.Mirməmməd