Fevralın 3-də Bakıdakı “1969” qalereyasında gənc rəssam Nərmin Sadıqovanın “Momentaus” adlı fərdi sərgisinin açılışı keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və başqaları çıxış edərək gənc rəssamın yaradıcılığı, onun sənət baxışları haqqında söz açıblar. 
   Nərmin Sadıqovanın bir sıra incəsənət festivallarında ölkəmizi təmsil etdiyi vurğulanıb. Qeyd olunub ki, janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran rəsmlər müəllifin zəngin dünyagörüşünün və gərgin əməyinin bəhrəsidir.
   Sərgidə rəssamın müxtəlif janrlarda yaratdığı 50-dək əsəri yer alıb. Rəssam üçüncü sərgisi olan “Momentaus” vasitəsilə öz düşüncələrini sənətsevərlərlə bölüşüb.
   Qeyd edək ki, N.Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kursunda təhsil alır. 
   
   S.Qaliboğlu