Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi ABŞ Prezidenti Donald Trampın miqrasiya fərmanına etiraz əlaməti olaraq Pablo Pikasso, Anri Matissa və digər Qərb rəssamlarının daimi ekspozisiyada olan rəsm əsərlərini müsəlman rəssamların işləri ilə əvəzləyib.
   Sərgidə təqdim olunan rəsm əsərlərinin əksəriyyəti iranlı və ya İran əsilli rəssamlara aiddir. Muzeyin nümayiş zallarında rəssam Tala Madani, heykəltəraş Pərviz Tanavoli, fotoqraf Şiran Şahbazinin işlərini görmək olar.
   Bundan əlavə, sudanlı rəssam İbrahim Əl-Salahi və İraq əsilli məşhur britaniyalı memar, ötən il vəfat etmiş Zaha Hadidin işləri də nümayiş olunur. Xatırladaq ki, Z.Hadid Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı olub.
   Muzeydə təqdim olunan hər bir eksponatın yanında dəqiqləşdirici mətn qeyd edilib. Bu mətndə vurğulanır ki, azadlıq və qonaqpərvərlik ideyaları həm muzey, həm də bütün ölkə üçün mühüm rol oynayır. 
   
   İlona Qubadova