Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə azərbaycanlı rejissor Teymur Bəkirzadənin “Yol əhvalatı” filmi özbək dilinə dublyaj olunub. Film 1980-ci ildə “Azərbaycanfilm”də istehsal olunub.
Daşkənddəki “Ramsel-film” studiyası tərəfindən dublyaj olunan bu ekran əsərini orijinaldan özbək dilinə yazıçı-jurnalist Rüstəm Cabbarov tərcümə edib. Dublyajda Özbəkistanın tanınmış artistləri iştirak ediblər.
Qeyd edək ki, keçmiş SSRİ dövründə özbək dilinə dublyaj olunmuş “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır?”, “Nəsimi” kimi bədii filmlərimiz müntəzəm olaraq bu ölkənin televiziya kanallarında nümayiş etdirilir.
AMM-in layihəsi ilə 2016-cı ildə isə “Bəxt üzüyü” filmi özbək dilinə dublyaj olunmuşdu. Yeni dublyaj olunan ekran əsərlərinin Özbəkistanın televiziya kanallarında nümayiş etdirilməsi üçün danışıqlar aparılır.