Kişi təxəyyülü dünyası xanım rəssamın təqdimatında
   
   Fevralın 7-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam İrina Eldarovanın “Brend kimi kişi” sərgisi açılıb.
   İrina Eldarova qonaqlara 40-dan çox əsərinin təqdim edildiyi yeni ekspozisiyası haqqında məlumat verib. Vurğulayıb ki, “Brend kimi kişi” adlı yeni layihəsi kişi təxəyyülündən doğulmuş və formalaşmış dünyaya daxil olmaq cəhdidir.
   Xalq rəssamı Fuad Salayev İrina Eldarovanın çoxşaxəli yaradıcılığından danışıb. İrina Eldarova Moskvada doğulub. Sankt-Peterburqdakı Repin adına Dövlət Rəssamlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutunun (1975-1979) və Moskvadakı V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun (1980-1982) məzunudur. 
   Tanınmış rəssam 1995-ci ildən “Caspian Publishing House” beynəlxalq nəşriyyat evinin art-direktorudur, xaricdə, eləcə də MDB ölkələrində keçirilən bir çox sərgilərin iştirakçısıdır. Onun yaradıcılıq fəaliyyətinə rəngkarlıq və qrafika ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın irimiqyaslı nəşriyyat layihələrinin idarəçiliyi də daxildir.
   Rəssam Bakıdakı “Xalqlar dostluğu” metro stansiyasının monumental mərmər pannolarının müəllifidir. O, 2007-ci ildə “Qazaxıstanın dövlət kitabının nəşri” adlı ən yaxşı layihə üzrə ölkənin jurnalistlər cəmiyyətinin mükafatına layiq görülüb.
   Rəssamın Müasir İncəsənət Muzeyində “Brend kimi kişi” sərgisi fevralın 22-dək davam edəcək.