İstanbulda turizm imkanlarımızı tanıdan fotosərgi davam edir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyinin “Sən də Azərbaycanı gör!” devizi altında həyata keçirdiyi layihə çərçivəsində İstanbulun “Astoria” Mərkəzində fotosərgi təşkil edilib.
Bir il ərzində təxminən 7,5 milyon ziyarətçini qəbul edən “Astoria” Mərkəzi Azərbaycanın tanıdılması üçün böyük imkanlar yaradır. Burada qurulan sərgidə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini, turistik yerlərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini əks etdirən şəkillər nümayiş olunur.
Sərginin açılışında tanınmış ziyalılar, elm və sənət adamları, media təmsilçiləri, “Astoria” Mərkəzində olan çoxlu sayda turist iştirak edib.
Buradakı görüntülər Azərbaycanın geniş hotelçilik xidməti, xalqımızın ləziz yeməklərlə zəngin olan mətbəx mədəniyyəti, kurort bölgələri, turizm-müalicə mərkəzləri barədə ziyarətçilərdə aydın təsəvvür yaradır. Bundan başqa, ziyarətçilərə Azərbaycan həqiqətləri barədə bukletlər, bələdçi kartları və jurnallar paylanır.
Qeyd edək ki, nümayəndəlik bundan əvvəl İstanbulun Yenikapı Metrosu və Topkapı Türk Dünyası Şəhərciyində də eyniadlı sərgi keçirib.
Sərgilərdə Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, İçərişəhər, paytaxtımızın qədim və müasir arxitektura nümunələri, ölkəmizin təbii gözəllikləri və s. əks etdirən fotolar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sərgi cari ilin may ayınadək davam edəcək.