“Bəxtəvər” Novruz bayramı ərəfəsində təqdim ediləcək
Azərbaycan Dövlət Musiqili Teatrı məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə “Bəxtəvər” adlı müştərək tamaşa hazırlayacaq.
Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın tanınmış rejissorlarından Yaqub Sadiqcamalidir. İkitərəfli müzakirələrdən sonra layihənin icrasına başlanması ilə bağlı qərar qəbul edilib.
“Təbriz Teatrı ilə birlikdə həyata keçirəcəyimiz bu layihənin bir çox özəllikləri var. Tamaşada hər iki teatrın aktyorları rol alacaq. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İranın turizm şirkətlərində də satılacaq. Səhnə əsərini tamaşaçılara Novruz bayramı ərəfəsində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində İrandan, soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi gözlənilir. Düşünürəm ki, Təbriz Teatrı ilə birlikdə hazırladığımız tamaşaya biletlərin İranda turizm şirkətləri vasitəsilə satılması xüsusilə mədəni turizmin inkişafına töhfə ola bilər”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.