Əgər kukla teatrı ənənəsinin nə vaxt, harada yaranması barədə araşdırmağa, yazmağa başlasaq, həm zaman, həm də məkanca yolumuzu çox uzaqlardan salmalı olacağıq. Amma bu gün yolumuzu salacağımız ünvan həm zaman, həm də məkanca bizə çox yaxındır. Söhbət 31-ci baharını qarşılamağa hazırlaşan Gəncə Dövlət Kukla Teatrından gedir. 
   2016-cı ilin sonunda 30 yaşını qeyd etmiş kollektiv 1986-cı ilədək «Simurq» xalq teatrı kimi fəaliyyət göstərib. 1986-cı il oktyabrın 13-də o zamankı Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə teatr dövlət statusu alıb. O zamandan bəri qədim Gəncənin və Gəncəbasar bölgəsinin balaca tamaşaçılarının öz teatrları var. 
   Teatr hələ 1885-ci ildə almanların lüteran kilsəsi olaraq inşa etdiyi binada yerləşir. XIX əsrin memarlıq abidəsi kimi qorunan bina günümüzün memarlıq meylləri fonunda eksteryer baxımından sanki nağıllardan qopub gəlmiş kukla evciyinə bənzəyir. 
   2015-ci ildə aparılmış təmir-bərpa işlərindən sonra bina tarixi abidə olduğu üçün burada köklü dəyişikliklər edilməsə də, teatrın baş rejissoru, Əməkdar artist Fərmail Paşayevin dediyinə görə, tamaşaların qurulması və nümayişi üçün xeyli imkanlar açılıb. Səhnənin işıqlandırılma sistemi yenidən qurulub, tamaşaçı yerlərinin sayı 165-ə çatdırılıb. 
   Yarandığı gündən bu teatrda 120-dən çox kukla tamaşası hazırlanıb. Kollektiv Azərbaycan yazıçılarının əsərləri, xalq nağılları ilə yanaşı, həm də ara-sıra xarici ölkə yazarlarının əsərlərinə müraciət edir. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatına layiq görülmüş Gəncə kuklaçıları yaxın-uzaq xaricdə keçirilən müxtəlif teatr festivallarının da iştirakçısı olublar. Türkiyənin İzmir, Bursa, Qazaxıstanın Almatı, Bolqarıstanın Tırqovişte və Ukraynanın İvano-Frankovsk şəhərlərində baş tutmuş sənət bayramlarında teatrın çıxışları tamaşaçı alqışı və münsif mükafatları qazanıb. 
   Teatr öz doğma divarları arasında da daim tamaşaçı rəğbətini hiss edir. İldə 4 yeni səhnə əsəri hazırlayan teatr adətən şənbə və bazar günləri iki seans olmaqla tamaşa göstərir. Təklif olduqda isə Gəncənin məktəb və uşaq bağçalarında, ətraf rayonlarda çıxış edir. Gəncəbasar bölgəsinin uşaqları teatrın repertuarına yaxşı bələddirlər. Məsələn, ötən ilin sonlarında teatr Tovuz rayonunda 10 gün qastrol səfərində olub. 
   Ötən illər ərzində peşəkar aktyor heyəti formalaşıb. Teatrda üç nəfər Əməkdar artisti fəxri adına layiq görülüb: baş rejissor Fərmail Paşayev, aktyorlar Xudayət Əsgərov və Nağəddin Məmmədov. 
   Kollektiv digər teatrlarla yaradıcılıq münasibətləri də qurur. Ötən il Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Estoniyada fəaliyyət göstərən «Avşar» Kukla Teatrının bədii rəhbəri, Əməkdar artist Rauf Avşarovu Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» («Məşədi İbad») komediyasına quruluş vermək üçün Gəncəyə dəvət etmişdi. Böyüklər üçün nəzərdə tutulmuş bu tamaşa ilə yanaşı, 2016-cı ildə teatrda Canni Rodarinin «Çipollino», Sahib Axundovun «Səlim və sehrbaz», Əli Səmədlinin «Cik-cik xanım» tamaşaları hazırlanıb. 
   Hazırda teatrda Şarl Perronun «Qırmızıpapaq» tamaşasının məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Fərmail Paşayevdir.
   Bir kukla teatrının mükafatları sırasında «Qızıl Dərviş» mükafatının olması qəribə assosiativlik yaradır. Kukla teatrı ifadəsi qəlbi kimi düşüncəsi də saf uşaqları göz önünə gətirir, dərviş obrazı isə bu dünyanın gərdişindən yorulmuş, baş verənlərin ona tanış gəldiyi müdrik varlığı. Amma dərin düşününcə, müdrikliklə saflıq arasında həm bir-birini tamamlamaq baxımından, həm də insana bəxş etdiyi pozitivlik baxımından oxşarlıq var. Teatr isə elə yaranışından müdriklik yaşındadır. Biz də otuz bir yaşına qədəm qoymuş Gəncə Dövlət Kukla Teatrına müdriklik yaşına çatmağı arzu edirik. 
   
   G.Mirməmməd