Onun Türk-müsəlman dünyasının ilk əxlaq kitabı 800 ilə yaxındır təlim-tədrisi və ictimai dərslik...
Bu mütəfəkkir haqda saysız-hesabsız məlumatların hər biri onun dahiliyinə, təkrarsızlığına dəlalət edir. Məsələn, “Bağdaddakı çox sadə və qərib bir məzarın başdaşı üzərində ərəb əlifbası (və olduqca gözəl bir xətt) ilə: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı” sözləri yazılıb...”
Bəli, bir azərbaycanlı ananın doğduğu və Azərbaycan xalqının bəşər elm-mədəniyyətinə bəxş etdiyi bu oğul - görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, iqtisadçı və hüquq elmləri bilicisi kimi tanınan Məhəmməd ibn Həsən Nəsirəddin Tusidir.
Bu qədim və həmişəyaşar fenomen Türk-Şərq intibahı (X-XIII əsrlər) dövrünün ayrıca intibahı hesab edilib. Bizim bu “şəxs”i və ümumi intibahımız 250-300 il sonrakı Avropa intibahına özül rolu (onlar tərəfindən etiraf olunmasa da) oynayıb. Nə yaxşı ki, Avropa həqiqətçilərindən bəziləri bu “özül”lüyün Tusi qismini “İstər astronomiya, istər coğrafiya sahəsində Avropa intibahına əsərləri Tusi qədər təsir göstərən ikinci bir Şərq elm adamı tapmaq çətindir” kimi qənaətlərlə təsdiq ediblər.
Əslində...
Əsl adı Məhəmməd, mənşəcə Azərbaycanın qədim şəhəri Həmədandan olan, qeyri-adi ağıl, bilik, fəhm keyfiyyətlərinə, “ən gənc elm dəryası” kimi tanındıqdan sonra xalqın dilinə “Nəsrəddin” adıyla düşən, doğulduğu şəhərin adını özünə təxəllüs götürən Xacə Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevralın 17-də Tus şəhərində anadan olub.
Doğulduğu ocaq “tərbiyəçi ailəsi” kimi tanınan, ilk təhsilini atası (həm də adaşı) Məhəmməd ibn Həsəndən alan Tusi elə gəncliyindən elm-bilik ardınca düşüb, Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib və sonralar əsərlərindən birinin (“Seyr və sülük”) müqəddiməsində bu nüansa da toxunub: “Uşaqkən atam məni riyaziyyatçı dostu Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu (bu şagirdinin riyaziyyat istedadından heyrətə gələn o müəllim: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq peşman olacaq”). Çox keçmədi ki, müəllimim səfərə çıxdı və mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim”. Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində görkəmli alimlərlə tanışlıqdan böyük dərslər alır.
Sonralar ona dünya şöhrəti gətirən (zaman-zaman bir çox dillərə tərcümə olunan) məşhur “Əxlaqi-nasiri” əsərini 1235-ci ildə - 34 yaşında tamamlayan Nəsirəddin Tusi bir müddət sonra, bir vaxt onu sarayına hörmətlə qonaq dəvət edib, belə bir əsər yazmasını xahiş etmiş “sifarişçi”nin (Kuhistan ismaililərinin rəhbəri N.Möhtəşəmin) göstərişilə həbs edilib, əlçatmaz “Ələmut” (“Qartal yuvası”) qalasına salınır. İsmaililər çevrəsində 10 ildən artıq müddətdə keçirdiyi dözülməz mənəvi sıxıntılar onu qaladakı zəngin kitabxanada belə elmi yaradıcılıqdan ayıra bilmir. Bu zülmdən 1256-cı ildə xilas olur; üç il öncə Yaxın Şərqə yürüşə başlamış Hülaku xan (Çingiz xanın nəvəsi) İsmaililər hakimiyyətinə son qoyur, bütün elm-sənət məhbuslarını azadlığa buraxdırır və sorağını çoxdan eşitdiyi N.Tusini şəxsi məsləhətçisi təyin edir.
Bütün keçmiş-gələcəklərin göylər güzgüsü hesab etdiyi bir rəsədxana haqda çoxdan fikirləşən Tusi, Bağdad da alınan kimi, onun tikilməsi üçün Hülaku xandan icazə istəyir.
Və o icazənin özü də -
Ayrıca bir “alim”lik...
Bizdən 750 il uzaq bir dövrün böyük tarixçisi Hacı Xəlifə “Dünya haqqında kitab”ında sözügedən rəsədxana ilə ilgili “Tusi-Hülaku anlaşması”nı belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaku xana deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin”.
Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. O, xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”.
İndicə seyr etdiyi mənzərə və ardınca da Nəsirəddinin söylədiyi sözlər Hülaku xana o dərəcədə təsir edir və onu elə inandırır ki, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə ömürlük məvacib kəsilməsinə də nail olur...
Öz “Əxlaqi-nasiri”silə yer üzü əşrəfinin qəlbini hələ 34 yaşında təsvir-tərənnüm etmiş bu mütəfəkkir göy üzü “qəlb”inə də nüfuz etməyə başlayır. Özü də məhz qılınc oğlu Çingiz xanın nəvəsi Hülakunun köməyilə...
1259-cu ildə rəsədxananın tikintisinə başlanır. Tusi bütün qiymətli kitabların Bağdaddan Marağaya göndərilməsini tapşırır. Binaların tikintisi müddətində başqa şəhər və ölkələrdən alimlər dəvət olunur və nəhayət, o dövr dünyasında tayı-bərabəri olmayan elm ocağı işə başlayır. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarır.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov N.Tusi irsini araşdırarkən belə bir faktı da qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında çalışmış azərbaycanlı mühəndis Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış və bu fiqur ilk coğrafi qlobusun alman alimi M.Böhaym (1459-1507) tərəfindən hazırlanması fikrini elmi fakt əsasında təkzib edir.
Elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış N.Tusi astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika və məntiqə dair yüzdən artıq əsər müəllifidir.
Çağdaş tədqiqatçıların bir çoxu onu, hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri tək elə Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. Hələ beş yüz il öncə Romada ərəbcə də (bir qədər sonra latınca) çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri “Tusi ideyalarının Avropa dövrü” kimi əks-sədalanmışdı. Bundan başqa, alimin tarixə, mineralogiyaya, fizika, tibb, iqtisad, coğrafiya, musiqi və təbii ki, astronomiyaya dair bir çox diqqətəlayiq əsərləri də var ki, bunlardan “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə” və “Xoşbəxt günlərin seçilməsi”ni xüsusi qeyd etmək lazımdır.
Bunu da qeyd etmək gərəkdir ki, Tusinin bir çox “çətin” əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir. Bunu onun “asan” əsərlərindəki “su kimi” içilən fikirləri də diktə edir. Məsələn; “Yaxşı iş görməkdə əziyyət çək ki, tezliklə həmin əziyyət keçər, yalnız yaxşılıq qalar. Pis iş görüb ləzzət çəkəndə isə, tezliklə ləzzət gedər, pislik qalar...”
Əxlaqın özünü də ən qiymətli sərvətlərdən hesab etmiş Tusi insanları çox vacib anlaq ayıqlığına səsləyərək, onun fitri olmadığını bildirir: “Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyəsi, cavanların əxlaqının saflaşdırıb möhkəmləndirilməsinə və bunun əbədi adət-ənənə şəklinə salınmasına ehtiyac qalmaz, bununla məşğul olmağa dəyməzdi...”
Yetmiş üç il ömür sürmüş, bütün həyatını, bilik və bacarığını elm, mədəniyyət və bəşəri əxlaq ucalıqlarına həsr etmiş dünya şöhrətli mütəfəkkir 1274-cü ildə Bağdad şəhərində vəfat edib.
Tahir Abbaslı