1533-cü ilin 23 fevralında Fransada anadan olan Monten dünya ədəbiyyatına esseist kimi daxil olmuşdur və o, bu janrın yaradıcısı sayılır. O Fransada şəhər parlamentində çalışıb, bu illərdə Monten ən yaxın dostunu itirir, ömrünün sonuna qədər onu ağrı ilə xatırlayır. 1565-ci ildə evlənir. Altı uşağından ancaq biri yaşayır. 1568-ci ildə atası ölür və ailənin bütün maddi və mənəvi məsuliyyəti onun üzərinə düşür. Fransada davam edən katoliklər və provoslavlar arasındakı dini düşmənçilik münasibətlərində vasitəçilik edir. Böyrək xəstəliyinə tutularaq 1580-ci ildə tutduğu vəzifədən uzaqlaşır, Avropaya səyahətə çıxır. Səyahət vaxtı “Yol qeydləri”ni yazır. Romada olarkən onu şəhər bələdiyyəsinin başçısı seçirlər və o məcburən geri qayıdıb işləmək məcburiyyətində qalır. IV Henri hakimiyyətə gələndən sonra onu məsləhətçi olmağa dəvət edir, Monten isə bu dəvəti kübarcasına rədd edir. Bundan sonra 1592-ci ilə qədər, yəni ölümünədək bütün ömrünü esselərə bağlayır. Montenə görə insanın ən vacib vəzifəsi birinci insan olmağı öyrənməkdir.
   
   Esselər
   
   Zalımlıq haqqında
   
   Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər. Ancaq fəzilət özünü rahatca ağlın yolu ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır. İlk halda xeyirxah iş görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, “xeyirxahlıq”, ikincisi isə “fəzilətdir”. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir.
   
   Niyyətimiz hərəkətimizi aydınlaşdırır
   
   Deyirlər ki, ölüm bizi bütün çətinliklərdən xilas edir. Amma mən başqa cür insanlar da görmüşəm. Öz imkanlarımızın və gücümüzün xaricində olan şeylər üçün and içməməliyik. Çünki hadisələr həmişə bizimlə bağlı deyil və həqiqi mənada əlimizdə olan yeganə şey istəməkdir: İnsanın vəzifələri ilə əlaqəli bütün qaydalar mütləq istəklə reallaşır.
   Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu nə qədər cansıxıcı və narahatlıq yaradan bir şey olsa da, bir o qədər də yüksək qiymətləndirilərək tərifə layiq olurlar.
   Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını heç düşünmədiklərini açıqca göstərirlər. Pis mühakimələrini özləri ilə birlikdə öldürmək əvəzinə, kinlərini özlərindən sonraya saxlayaraq ölümə hörmətsizlik edirlər.
   Əgər edə bilsəydim, həyatımın açıq şəkildə demədiyi bir şeyi ölümümün də deməməyini istəyərdim.
   
   Tərcümə edən: Fərid