Fevralın 10-da Kürdəmir şəhərində 2016-cı il aprel döyüşlərinin qəhrəmanı, Mİ-24 hərbi döyüş helikopterinin ekipaj üzvü, şəhid baş leytenant Əbu Bəkr Vüqar oğlu İsmayılovun doğum günü qeyd edildi. Ordumuzun zəfər salnaməsinə yazılan həmin döyüşlərdə baş leytenant Əbu Bəkr İsmayılov, mayorlar Urfan Vəlizadə və Təbriz Musazadədən ibarət ekipaj hərbçilərimizin uğurlu əks-hücum əməliyyatının keçirilməsində müstəsna rol oynayaraq sərrast atəşlə düşmənin hərbi texnika və canlı qüvvəsini məhv etmiş, sonda qəhrəmancasına həlak olmuşdur.
   Əbu Bəkir İsmayılov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra ölkə başçısının sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. Kürdəmir şəhərinin küçələrindən birinə onun adı verilmiş, doğulub boya-başa çatdığı evin divarına şəhidin barelyefi vurulmuşdur.
   Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin işçiləri barelyef qarşısında anım mərasimi keçirdilər. 
   İdarənin rəisi Elman Məmmədov, idarənin baş məsləhətçisi Vaqif Alıyev çıxış edərək Əbu Bəkr İsmayılovun keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışdılar. İdarə əməkdaşları şəhidin barelyefi qarşısına gül-çiçək dəstələri düzərək xatirəsini böyük hörmətlə yad etdilər. 
   Belə qəhrəmanlar bizim hər birimiz üçün böyük qürur mənbəyidir. Vətən şəhidləri ilə ucalır.
   Allah rəhmət eləsin.
   
   Məryəm Əliyeva
   Kürdəmir rayon MKS-nin baş biblioqrafı