Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın aktrisası, Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə yeni tamaşaya daxili baxış keçirilib. Teatrın mətbuat xidmətindən bildirilib ki, “Vurğuna vurğun gəlin” adlı tamaşa aktrisanın 70 illiyi münasibətilə hazırlanıb.
Şair-dramaturq Zaməddin Ziyadoğlunun böyük şair Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadır.