Son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı arasında çox sıx yaradıcılıq əlaqələri qurulub. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları tez-tez Azərbaycanda qonaq olur, klassik opera və balet tamaşalarında çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, festival və s. mədəni tədbirlərə dəvət olunurlar.
Opera və Balet Teatrının solisti, Xalq artisti, professor Azər Zeynalov fevralın 18-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanio partiyasını ifa edəcək.
Milli vokal sənətimizin istedadlı nümayəndələrindən olan A.Zeynalov 20 ildən artıqdır ki, Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edir. O, milli və klassik opera tamaşalarında bir çox parlaq obrazlar (Balaş, Əsgər, Məşədi İbad, Xasay bəy, Alfred, Kavaradossi və s.) yaradıb. Kanio partiyası onun çox sevdiyi və böyük ustalıqla ifa etdiyi vokal obrazlardandır.