Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim kino günləri 2017” layihəsi çərçivəsində 16 fevral tarixindən etibarən “İçərişəhər” bədii filminin kinoteatrlarda nümayişi başlanıb.
Ötən il “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış film Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində göstərilir. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının facebook səhifəsində yerləşdirilir.
Ekran əsəri hazırda Hindistanda, 3-cü Kozhikode Beynəlxalq Film Festivalında nümayiş olunur. Film daha öncə Misir (Qahirə), Hindistan (Qoa, Pune, Benqaluru) və Estoniyada (Tallin) festivallarda iştirak edib. Baş rolun ifaçısı Təhminə Rafaella Türkiyədə 5-ci “Van gölü” Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
Psixoloji dram janrında lentə alınan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.