Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası işıq üzü görüb.
Əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun qələmə aldığı monoqrafiya dünya kinosunun 120 illiyinə ithaf olunur. Azərbaycan dilində bu mövzuda yazılmış ilk kitabda dünya kinematoqrafiyasının keçdiyi yol, ekran sənətinin tərəqqisinə təkan verən ən dəyərli filmlər mövcud nəzəri əsaslarla təhlil edilir, mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırmalar aparılır.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş monoqrafiya Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Qeyd edək ki, bundan öncə nazirliyin dəstəyi ilə A.Dadaşovun “Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyası oxucuların ixtiyarına verilib.