Məsəl var, deyərlər, özgəyə quyu qazan özü düşər. Amma bu dəfə Əlövsət kişinin qonşusu öz həyətində öz ailəsinin ehtiyacı üçün quyu qazmışdı ki, bu quyuya elə Əlövsətin böyük qızı Gülşah düşdü. Gülşahın quyuya düşməsi və bu yıxılmağın onun həyatında nələri dəyişəcəyi isə lap sonda məlum olacaq...
   Fevralın 15-də Nizami Kino Mərkəzində «Ər quyusu» komediyasının qala-gecəsi baş tutdu. Səidə Haqverdiyevanın «Qara qızın qara bəxti» hekayəsi əsasında «RS prodakşn» şirkətində istehsal edilən filmin ssenari müəllifi və rejissoru da müəllif özüdür. Quruluşçu operator Rəşad Qarayev, bəstəkar Vüqar Camalzadə, quruluşçu rəssam İqbal Əliyev, rejissor Jalə Rəhimli və yaradıcı heyətin digər üzvlərinin gərgin əməyi sayəsində maraqlı bir film ortaya çıxıb. 
   Müəllif təkcə Azərbaycanda deyil, bir çox digər ölkələrdə təhsilini davam etdirmək, işləmək perspektivi olmayan, yalnız evdarlığı bacaran kənd qızlarını və onların valideynlərini düşündürən bir problemə - yaşı 20-ni keçən gənc qızlara qarımış qız damğasının vurulmasına həsr olunub. Qarımış qızın isə qisməti bəllidir - ata evində qulluqçuluq. Düzdür, ər evində də eyni vəziyyətdir, sadəcə, burda qayınana qocaldıqdan sonra sənin ev xanımı sayılmaq şansın var. 
   “Ər quyusu” bu sosial problemə sarkazmla yanaşır. Heç bir qəhrəmanını incitmədən, aşağılamadan onların düşdükləri situasiyanı və bu qəlizlikdən qurtulmağın yollarını arayır.
   Əsərdə əsas rollarda Musiqili Teatr və Kukla Teatrının aktyorları çəkiliblər və demək olar ki, hamısı öz obrazının ruhunu, filmin ideyasını tutması ilə yadda qalır. 
   Qardaşı kimi oğlu da olmayan Əlövsət (Məhərrəm Qurbanov), 6 qız dünyaya gətirdiyinə görə ərinin gözündən düşməməkdən ötrü çarpışan Şahzadə (Rəsmiyyə Nurməmmədova), kiçik bacılarına analıq edən, evin bütün qayğısını çəkən Gülşah (Ülviyyə Əliyeva), Gülnaz (Könül Şahbazova) və həm də onları mütaliəyə həvəsləndirən Gülxar (Səbinə Haqverdiyeva), Rusiyadan əli ətəyində qayıdıb kənddə avaralanan Xaliq (Cavid Telman), oğlu hələ evlənməmişdən hikkəli qayınana obrazına girmiş Qumru (Zemfira Əbdülsəmədova), dil bilmədiyi, yol tanımadığı üçün kənddə qalmağa üstünlük verən, «quyuqazan» Qonşu (Elxan İsmayılov) tamaşaçılardan xeyli alqış qopardılar. 
   Təbii ki, Səidə Haqverdiyevanın ilk tammetrajlı filmi bir sıra qüsurlardan xali deyil. Amma artıq Tehranda keçiriləcək kinofestivala dəvət alıb. 
   
   Gülcahan