Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizdə təmsil olunan Avropa İttifaqı ölkələrinin səfirliklərinin birgə təşkilatçılığı ilə dekabrın 10-16-da Bakıda Avropa Film Festivalı keçiriləcək. Festival Avropa İttifaqı ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib.
   Festival proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkəsinin (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa, İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya) filmləri nümayiş etdiriləcək. Filmlər miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi sosial məsələlərdən qlobal istiləşməyədək geniş mövzulara toxunur.
   Festivalın təntənəli açılışı dekabrın 10-da saat 19-da Landmark Biznes Mərkəzində keçiriləcək.