Bakı Musiqi Akademiyasının professoru Aytəkin Həsənovanın xatirəsi yad edilib
Fevralın 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovaya həsr olunan “Əbədi işığa doğru” kitabının təqdimatı və xatirə konserti keçirilib.
Sənətkarın qızı Aytac Qasımova mərasimdə çıxış edərək anası ilə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Aytəkin Həsənova ilk dəfə təmasda olduğu hər kəsin yaddaşında işıqlı bir iz qoyurdu. Anasının bütün həyatını musiqiyə həsr etdiyini, pedaqoji fəaliyyəti ilə gənc nəslin yetişməsinə töhfələr verdiyini diqqətə çatdıran A.Qasımova təqdimatın və xatirə konsertinin Bakı Musiqi Akademiyasında keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb, anasının bu təhsil ocağının məzunu olduğunu, ömrünün sonunadək burada çalışdığını qeyd edib.
Mərasimdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib: “Mən istəməzdim ki, gecəmiz matəm xarakteri daşısın. Çünki Aytəkin xanım çox işıqlı insan idi. O həm də gözəl pedaqoq idi, işə bayram əhval-ruhiyyəsi ilə gəlirdi”.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, təqdimatı keçirilən kitabın redaktoru Fərəh Əliyeva qeyd edib ki, nəşrdə yer alan yazılar Aytəkin Həsənova haqqında səmimi fikirlərin ifadəsidir: “Ona baxanda əsilli-nəcabətli Azərbaycan xanımını görürdüm. Onun zərifliyi arxasında böyük güc dayanırdı. Bu, onun sənətinə məsuliyyətlə yanaşması idi”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə bildirib ki, əslində bu kitabın əsasını Aytəkin xanım öz yaşam tərzi, amalı ilə qoyub. Kitabda yer alan məqalələrdə onun təkcə musiqidə deyil, incəsənətin bütün növlərində zəngin biliyə malik olduğu göstərilir.
Daha sonra Aytəkin Həsənovanın vaxtilə ifa etdiyi konsertdən fraqment nümayiş olunub.