Əziz Fərid Hüseyn! Doğrusu, gənc bir adamın şeirləri haqqında yazmaq çox çətindi. İlk şeirlərimi göndərdiyim bəzi ədiblərimizdən məktub almamağımı bir vaxtlar laqeydliyin ayağına yazsam da, təfsilata varmadan həmin sükutların həqiqi mənasını sonralar anladım.
   Biz - ədəbiyyatla məşğul olmağı həyatının ən vacib işinə çevirmiş adamlar əsas suala - “söz nədir” sualına heç vaxt cavab tapmayacağıq. Tapmadıqca da bu sirr bizi öz əsarətində saxlayacaq, yazdıqlarımızın fərqində olmayacağıq, mübahisələrdəki özümüzü “zövqlə bağlı mübahisə etmirlər” ifadəsi ilə müdafiə edəcəyik.
    Sən, mən, bizim kimi yüzlərlə, minlərlə başqaları, bəlkə, heç gözləmədiyimiz, nə hisslə, nə də rassional ağılla heç vaxt hesablaya bilməyəcəyimiz bir məqamda adi və gözəl həqiqətlə təkbətək qala bilər, onu görə bilər, fiksə edə bilərik və bu, müəllifin ömründən daha uzun yaşayacaq ədəbiyyata da çevrilə bilər. Özü də beş günmü, bir aymı, on ilmi yaşadığımızın fərqi belə olmaz. Bəlkə, buna görədir ki, min səhifələrlə uzanan bir roman üç misralıq bir haykunun, Orxan Vəlinin bir şeirinin ifadə etdiyindən atrıq bir şey deməz, yaxud da, yüz misralıq şeir bir uşaq təbəssümünün yanında olduqca solğun görünər. Bəlkə, buna görədir ki, bir kitabı oxuyub həmin kitabı oxumağını, heç vaxt yaddan çıxarmayacağın bir neçə misraya, bir neçə şeirə görə baş verdiyini anlamalı olursan. Sənin şeirlərindən bəziləri heç vaxt yadımdan çıxmayacaq:
   
   Uşaqkən beşiyini bəzəmişdilər,
   Daha sonra yüyürüyünü,
   Sonra oyuncaq evini,
   Evlənərkən gəlin maşınını,
   Öləndə tabutunu, məzar daşını.
   İndiysə deyirlər ki,
   Rəhmətlik sadə adamdı...

   
   Yaxud:
   Səhər bir oğlan doğulacaq, adı Vüsal.
   Səhər bir qız doğulacaq Hicran adında.
   Bir gün Hicran Vüsalı sevəcək.
   Vüsal da Hicranı.
   Bir gün Vüsal hicrana qatlaşacaq.
   Hicran çatmayacaq vüsala.

   
   Və ya misralar:
   “... insanlar insanlardan başlayır, ölkələr sərhədlərdən.”
   “...insanlar incimirlər, insanları incidirlər”
   “qaraçıya pulla bərabər mərhəmətini də ver”
   “... hər gün, ölmüş oğlunun ad günü olan ata var,
   hər gün, gözləri yol çəkən kimsəsizlər var...”
   “... dünya kimləri itirib:
   Amma, özünü heç nə itirməmiş kimi göstərir...”

   
    Sonunculara əsasən fikrim belədir ki, sənin kitabın onu diqqətlə oxuyanlara nələrisə mütləq anladacaq. Bunu kitabının hansı səhifəsində, hansı şeirində tapmağı onlar özləri həll edəcəklər. Gecəmi, gündüzmü, ovqatlarının təlx vaxtımı, kefləri kök olandamı? Bu oxucunun neçə yaşı olacaq? Təcrübələri səndən çoxdumu, azdımı? Bu vacib deyil. Çünki sən də bu mətləblərə müxtəlif məqamlarda gəlmisən. Amma, bir şeyə inanıram ki, çalışqanlığın (“Mədəniyyət” qəzetində yazdığın araşdırma yazıları, rəylər, məqalələr, bəddi tərcümə sahəsindəki uğurların), böyük işlərin altına qorxmadan girməyin, ən əsası insan kimi düşünməyin və içindəki insan naminə gündəlik mücadilən sənin böyük ədəbiyyatdakı yolçuluğundakı ən etibarlı yol yoldaşın olacaq.
   
   Səlim Babullaoğlu