Məlum olduğu kimi, TÜRKSOY təşkilatı bu il “Türk dünyasının öncülləri” adlı yeni layihə həyata keçirməyə başlayıb. Fevralın 16-da bu silsilədən Ankarada türk dünyasının böyük şairi Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş tədbir haqqında xəbər vermişdik. Şəhriyarı anma tədbiri ertəsi gün Əskişəhərdə davam etdirilib. Şəhərdəki Anadolu Universitetində TÜRKSOY və Türk Dünyası Vəqfi ilə birgə təşkil edilən toplantıda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, universitetin rektoru Naci Gündoğan açılış çıxışları ediblər. 
   Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Şəhriyar yaradıcılığının tədqiqatçısı Elman Quliyev şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Şəhriyar bütün türk dünyasının ortaq dəyəridir. Şair «Nazlı hilal ölkəsinə» adlı şeirini də Türkiyəyə həsr etmişdi. 
   Türk Dünyası Vəqfinin sədri Adnan Tekşen, Anadolu Universiteti müəllim və tələbələri və Əskişəhərdəki azərbaycanlı diasporunun qatıldığı toplantıda Cənubi Azərbaycandan vətənpərvər müğənni Adil Yanar Sönməz sazda Şəhriyarın şeirlərini, sözlərinə yazdığı mahnıları oxuyub. Türkiyənin Dənizli şəhərində yaşayan müğənninin bir-birindən gözəl ifası iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Toplantının sonunda Anadolu Universitetinin rektoru tərəfindən professor Elman Quliyev, Yanar Sönməz və Adnan Tekşenə təşəkkürnamələr təqdim edilib.
   
   Mehparə