Zamanın zövq-diqqət kölgəsində qalmış böyük mədəniyyət işıqlılarımızdan - Şəmsi Bədəlbəyli
Kim onun ecazkar səhnə “quruluş”larını bilavasitə izləyə bilibsə, heç vaxt onu bilvasitə xatırlamaz...
Onun səhnəsilə tamaşaçının parter, amfiteatr məkanları arasında məsafə həmişə gözlə qaş arasındakı qədər olub...
Bəs, öz intəhasız istedad və təşkilatçılıq fəhmi ilə çox aktyorları dillər əzbəri-gözlər obyekti etmiş bu azman rejissorun müasir mətbu-teleməkan qədri?..
“Həyat və yaradıcılığı”...
Bütün sənət adamlarının dünyalarına “giriş qapısı” da hesab ediləsi bu sözlərdən ikincisi, yəni bu sənətkarın milli mədəniyyət xidmətləri o qədər çox və rəngarəng, doğum ünvanı o dərəcədə məşhur ki, ona dair birinci barədə hələlik (avans olaraq), ikicə kəlmə kifayət: 23 fevral 1911, Şuşa.
Amma ona universal ictimai tərbiyə açarı bəxş etmiş atası - Qori Müəllimlər Seminariyasını bitirmiş, ötən əsrin əvvəllərində Şuşadan Bakıya köçüb, geniş mədəni-maarif fəaliyyəti göstərmiş, otuz ildən artıq müdiri olduğu təhsil müəssisəsinə (Bakıdakı 6 saylı rus-azərbaycan) “Bədəl bəyin məktəbi” deyilmiş Bədəl bəy Bədəlbəyli (1875-1932) haqda bir neçə kəlmə söyləməmək və məşhur şəcərəli anası Rəhimə xanım Qacarın (1880-1966) adını xatırlatmamaq mümkünsüz.
Şəxsiyyət və milli mədəniyyət nüfuzuna, böyük maarifçilik çabalarına nəinki tək elə doğulduğu Qarabağ elatının, bütün o dövr Azərbaycanının yaxşı bələd olduğu Bədəl bəyə lap gəncliyindən hətta ibtidai sinif uşaqları da canlı nümunə kimi baxırmış. O uşaqlardan biri də Şəmsinin özüymüş ki, orta məktəb illərində atasının müəllimlik şan-şöhrəti haqda eşitdiyi “əfsanəvi söhbətlər” onu - yaxın gələcəyin böyük mədəniyyət-mənəviyyat müəllimini Bakı Pedaqoji Texnikumuna qəbul olmağa “məcbur” edir...
Şüurlu həyata göz açıb, ilk qadın rolunun ifaçısı olmuş əmisi Əhməd Ağdamskini, sözün hər iki mənasında böyük qardaşı Əfrasiyab Bədəlbəylini, 19-20 yaşlarından Azərbaycan səhnəsinin korifeylərini (A.M.Şərifzadə, M.Əliyev, M.Davudova, Ü.Rəcəb, M.Mərdanov, R.Təhmasib, Ə.Ələkbərov, F.Qədri, B.Şəkinskaya...) görmüş Şəmsi Bədəlbəylinin ulu sənət aləminə gəlişi və bu sahədə belə bir məqama yetməsi bir az da təbii idi.
Orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbdə təhsilini əla davam etdirsə də, mahiyyətindəki sənət həvəsi onu özfəaliyyət dərnəklərinə çəkir. Burada aktyorluq, musiqiçilik və bir azdan rejissorluq istedadlarını üzə çıxarır. 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (əvvəl xalq çalğı alətləri, sonra kompozisiya nəzəriyyəsi siniflərində) təhsil alır. Tələbəsi olduğu Üzeyir bəylə, sonralar rejissor assisentiykən Cəfər Cabbarlı ilə yaxın ünsiyyəti onun teatra bağlılığını daha da möhkəmlədir, gələcəyin sənət zirvələrinə sürətlə yaxınlaşdırır. 21 yaşında Azərbaycan Dövlət Dram Teatrında rejissorluq fəaliyyətinə başlayır və düz on il (1932-1942. Arada - rejissorluq təcrübəsi məqsədilə Moskvaya göndərilməsi istisna) burada çalışır.
Sonralar və bütün ömrü boyu isə -
Sənət, Sənət və Sənət üçün çalışır...
Teatrda onun (ilk yaradıcılıq və çox uğurlu işi olan) “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasına, daha sonra “Ölülər”, ardınca “Xoşbəxtlər” əsərlərinə verdiyi quruluşlar dövrün mədəniyyət hadisələri kimi qarşılanıb.
Bu quruluşlarından sonuncusu olan “Kral Lir”dən sonra başlanan müharibə onun sənət davamiyyətində fasiləyə səbəb olur. Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilir. Orada həmkarlarıyla birgə “Vətən uğrunda” və “Qırmızı Şərq” qəzetlərində çalışan Şəmsi, digər həmkarlarıyla (və yerli həvəskarlarla) birlikdə cənub soydaşlarımızçün maraqlı tamaşalar da (“Arşın mal alan”, “Əlli yaşında cavan”, “Evliykən subay” və s.) hazırlayır.
1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. İlk növbədə teatrın repertuar məsələsini həll edir, “anşlaq” ab-havalı aktyorlardan (L.Abdullayev, Ə.Qafqazlı, M.Kələntərli, N.Zeynalova, B.Səfəroğlu və b.) ibarət truppa yaradır, neçə-neçə hadisə-tamaşalar (“O olmasın, bu olsun”, “Gözün aydın”, “Ulduz”, “Arşın mal alan”, “Durna” və s.) hazırlayır, əsası dahi Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Komediya Teatrının yeni təşəkkül və inkişafında misilsiz xidmət göstərir və artıq teatr tariximizin qızıl səhifələrindəki nəticələrinə istinadən desək, Azərbaycan mədəniyyət tarixinə həmin teatrın yaradıcısı kimi düşür.
Zahirən də, daxilən də çox ciddi adam olmuş Ş.Bədəlbəyliyə “qaraqabaq” deyənlər də varmış. Amma ən işgüzar təmasda olanlar onun çox nikbin ruhlu şəxsiyyət olduğunu, eyhamı hər kəsdən tez anlayıb, yumoru “ən xoşhal adamlardan” da çox sevdiyini vurğulayırlar. Sadalanan keyfiyyətlərdən sonuncunu onun quruluş verdiyi əsərlərdəki gülüş və baməzəliklərin füzun duzluluğu da təsdiq etmirmi?..
O, müxtəlif illər və fasilələrlə bu teatrın həm bədii rəhbəri, həm də direktoru olub. Bir müddət Filarmoniyanın da bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində səmərəli fəaliyyət göstərib. Hərtərəfli, potensial rejissorluq imkanlarına malik bu sənətkarı dəvət olunduğu Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” və s. şedevrlərə verdiyi quruluşlara görə mətbuatda “ən mükəmməl rejissor” kimi dəyərləndirənlər, Türkmənistan Opera və Balet Teatrına 1957-ci il dəvəti zamanı tamaşaya qoyduğu “Koroğlu”ya görə “Çənlibelli Şəmsi” kimi ifadələrlə uğurlayanlar olub. Onun rejissor işini tanınmış Moskva teatrşünasları da etiraf edirdi və bu qənaətlərin başında duran fikirlərdən biri: “Şəmsi Bədəlbəyli başdan-başa milli koloritdir”.
Təəssüf ki...
Bu koloriti böyük sənətkarın quruluşunda telelentə alınmış (təəssüf ki, yeganə!) “Hicran” tamaşası ovaxtdan-buvaxta təsdiqləmədə!
Bu sənətkarın həmişə göz önündə (bu dəm onun quruluşunda baxdığım təkrarsız “Həmişəxanım” tamaşasını da xatırladım) olan kino işləri də özgə bir aləmdir. Ümumən kino aləminin inkişafında onun xeyli işləri (bu yazıda onun böyük ekranımızın professionallıq yolundakı “kadrarxası” xidmətlərilə bağlı söhbətə yer olmasa da), kadrlarında isə (“O qızı tapın”, “Axırıncı aşırım”...) silinməz izləri var. “Silinməz izlər” dedim, fotoqrafiya qənimətləri istisna olunmaqla, gözəl-gözəl tamaşaların hər birinin... elə oynandığı axşamdan sonrakı gecə-gündüzlərin qaranlıqlarına qərqolma xiffətinə də düşdüm...
Ş.Bədəlbəylinin istedadlı gənclərin tapılıb teatra cəlb olunmasında və artıq “staj-təcrübəli”lərə yeni yaradıcılıq keyfiyyətləri aşılayıb formalaşdırılmasında da fenomenal rejissor-pedaqoq xidmətləri olub.
O, həm də çox iti və oxunaqlı qələm sahibi olub. Hətta, ovaxtların mötəbər teatr tənqidçiləri və yazılarının daimi oxucuları belə bir qənaətə də gəlibmişlər ki, indilər rejissor Şəmsinin hazırladığı tamaşalar haqda yazılardan heç biri birvaxtların qəzetçi Şəmsisinin “Gənc işçi”də (sonralar “Azərbaycan gəncləri” adı ilə çıxıb) şöbə müdiri olarkən (1930-1932) dərc etdirdiyi teatr resenziyaları qədər analitik, “hər mizanı gözündən vuran” olmayıb.
Hələ canlı xatirə və xəyallarda da yaşamaqda olan bu sənətkarın “vikipediya”sında belə bir qeyd də var ki, Şəmsi Bədəlbəyli ilk sənət fəaliyyətinə teatr orkestrində tar çalmaqla başlayıb. Sonda biz də bunu qeyd edək ki, sənətə tar çalmaqla başlamış bu sənətkarın bəxt-taleyi bütün ömrü boyu çalıb! Həssas musiqiçi, qayğıkeş müəllim, böyük rejissor kimi...
Düz 23 may 1987-ci ilə kimi...
Allah rəhmət eləsin...
Tahir Abbaslı