Fevralın 18-də Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlıq İttifaqının üzvü Günel Hüseynova və şagirdi Adil Dəmirtaşın “Şərqdən Qərbə səyahət” adlı sərgisinin açılışı olub.
Sərgidə müxtəlif texnikalarla işlənmiş 150-dən artıq əsər nümayiş olunub, onların 30-u Günel Hüseynovanın şagirdinin əl işləridir.
Mərasimdə çıxış edən Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov bildirib ki, təqdim edilən nümunələr özündə sevgi, böyük enerji və müəllif duyğularını əks etdirir: “Bu əsərlər tamaşaçını maraqlandırmaqla yanaşı, həm də təəccübləndirir və düşündürür. Hər iki səbəbkara gələcək işlərində böyük nailiyyətlər arzulayıram”.
Sənətşünas, dosent Fəridə Mirbağırzadə, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Naidə Məmmədxanova sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Günel Hüseynova istedadlı rəssam olmaqla bərabər, həm də modelyer-dizayner kimi uğur qazanıb. Onun hər iki sahədə əl işləri müsbət əhval və əlvan rənglərlə boyanır. Bütün bunlar isə izləyiciyə yüksək zövq aşılayır. Hər bir əsər rəssamın daxili dünyasını əks etdirir və əsərlərin hər biri müəllifin sərhədsiz dünyasının təzahürüdür.
Sərgi barədə danışan Günel Hüseynova deyib ki, müxtəlif texnikalarla işləməklə yanaşı eksperimentləri də çox sevir. Yaratdığı əsərlərdə yeni metod və süjetlər, bir neçə texnikanın sintezini (rəngkarlıq, keramika və s.) görmək mümkündür. Elə bu səbəbdən təqdim olunan sərgi rəngarəngliyi ilə seçilir. Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlərin bir neçəsi respublikamızda və xarici ölkələrdə keçirilən müsabiqələrdə qalib olub.
Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsinin məzunudur. 2008-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr edilmiş tətbiqi sənət müsabiqəsinin qalibi olub. Sənətin müxtəlif sahələri - dizayn, reklam, moda, heykəltəraşlıq, batika, qrafikada özünü gözəl şəkildə realizə edir. Sərgidə nümayiş olunan əsərlər - şüşə üzərində rəsmlər, rəngkarlıq, vitraj, keramika və dekorativ-tətbiq nümunələri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bu ilin mart ayında Günel Hüseynovanın İtaliya, İspaniya və Fransada sərgisinin keçirilməsi nəzərdə tutulur. O, bu sərgilərə də şagirdi Adil Dəmirtaşla qatılacaq.
Lalə Azəri