Jerar Depardye Azərbaycanda filmə çəkilmək və kino məktəbi yaratmaq təklifi alıb
   
   Dünya kinosunun məşhur simalarından biri, tanınmış Fransa aktyoru Jerar Depardye dekabrın 13-də Azərbaycana səfərə gəlib. IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı ilə əlaqədar Bakıya gələn fransalı aktyor iki gün ərzində bir sıra rəsmi görüşlər keçirib, Azərbaycan kinematoqrafçıları ilə yaradıcılıq söhbətləri aparıb, teatrsevərlər qarşısında çıxış edib, Bakının tarixi məkanlarına, görməli yerlərinə baş çəkib və nəhayət, media mənsublarına maraqlı açıqlamalar verib.
   
   “Azərbaycana hələ 15 il əvvəl gəlmək istəyirdim”
   
   Jerar Depardye səfərinin ilk günü Fəxri xiyabana gələrək böyük öndər Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət etdi. Qonağa Fəxri xiyabanda dəfn olunmuş mədəniyyət və incəsənət xadimləri haqqında məlumat verildi. Sonra fransalı aktyor Şəhidlər xiyabanını ziyarət etdi. Buradan Bakının möhtəşəm mənzərəsini seyr etdi. Məşhur aktyoru Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov, nazirliyin digər rəsmiləri müşayiət edirdi.
   Daha sonra ünlü aktyor Qız qalasına və Dənizkənarı Milli Parka baş çəkdi, Bakının görməli yerləri ilə tanış oldu.
   Aktyor onu müşayiət edən çoxsaylı jurnalistlərə açıqlamasında Azərbaycana hələ 15 il bundan əvvəl dəvət olunduğunu, amma bu dəvəti iş çoxluğundan həyata keçirə bilmədiyini deyib: “Bir filmdə oynadığım rol Heydər Əliyevin çox xoşuna gəlmişdi və həmin vaxt o məni dəvət etmişdi. Ancaq təəssüflər olsun ki, həmin vaxt ağır iş qrafikim olduğu üçün gələ bilmədim”. Qonaq, nəhayət, ölkəmizə səfərinin gerçəkləşməsinə şad olduğunu bildirdi.
   
   Depardye Azərbaycanda filmə çəkilə bilər
   
   Həmin gün fransalı aktyorun mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü oldu. Nazir məşhur aktyoru Azərbaycanda görməkdən məmnun olduğunu vurğuladı: “Sizin kimi böyük aktyoru Bakıda görmək çox sevindiricidir. Azərbaycanın kino sahəsinin sizi maraqlandırması bizə xoşdur”.
   Nazir qeyd etdi ki, Fransa ilə Azərbaycan arasında olduqca geniş əlaqələr var: “Hər iki ölkənin prezidentləri arasında gözəl münasibətlər var. Mədəniyyət və incəsənət sahəsində də əlaqələrimiz genişlənir. Luvr muzeyinin rəhbərliyi ilə gözəl münasibətlərimiz mövcuddur. Bir neçə ay bundan əvvəl kino sahəsində də əlaqələrimiz yarandı. Fransadan gəlmiş mütəxəssislər Bakıda Film Fondunun laboratoriyasında bəzi işlər gördülər”.
   Nazir qonağa Azərbaycanın kino sahəsi haqqında məlumat verdi və ölkəmizin Fransa ilə bu sahədə birgə əməkdaşlıq etmək istədiyini dedi: “Sizin müştərək film layihələrinin birində iştirakınızı da görmək istərdik”.
   J.Depardye məşhur fransız yazıçısı Aleksandr Dümanın Qafqaza, Azərbaycana səfərini əks etdirən sənədli filmin istehsalı barədə danışdı: “Mən bu cür filmin çəkilməsini çox istəyirəm. Bu filmdə Düma rolunu özüm oynamağı arzulayıram. Aleksandr Dümanın Azərbaycana səfəri ilə bağlı olduqca maraqlı faktlar var. Vətənə qayıtdıqdan sonra bununla bağlı əlimdə olan bütün sənədləri bir daha gözdən keçirəcəyəm”.
   Nazir Ə.Qarayev isə fransalı aktyora Aleksandr Dümanın görkəmli şairə, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanla münasibətləri barədə qonağa məlumat verdi: “Aleksandr Düma haqqında çəkiləcək filmdə Natəvanla görüş səhnələri yer almalıdır. Biz bu filmi 2-3 il ərzində reallaşdıra bilərik. Bundan əlavə təkcə sənədli film haqqında deyil, bədii filmlər barəsində də düşünməliyik. Sizin kino şirkətinizə artıq bu haqda məlumat vermişik. Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq və sizə göndəriləcək. Siz bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyiniz kino şirkəti ilə birgə Azərbaycanda bədii film çəkilişini həyata keçirəcəyik”.
   J.Depardye isə bununla bağlı məlumatlandırılmasından şad olduğunu dilə gətirdi. O, Azərbaycana dəvət olunduğu üçün bir daha nazirə təşəkkürünü bildirdi. Sonda Ə.Qarayev məşhur aktyoru gələn ilin aprelində yenidən Bakıya dəvət etdi və bildirdi ki, bütün danışıq proseslərini həmin görüş zamanı dəqiqləşdirmək lazımdır.

   İntiqam Hacılı