Fevralın 22-də Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Prezident yanında Bilik Fondunun təşkilatçılığı, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursant və müəllim heyətinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi - qan yaddaşı” adlı tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə C.Naxçıvanski adına Hərbi liseyinin rəis müavini polkovnik-leytenant Kamran Nəsibov açaraq Xocalı faciəsinin törədildiyi tarixi şəraitdən, soyqırımın səbəblərindən danışdı. Qeyd etdi ki, xalqımıza qarşı törədilən bu soyqırımı heç vaxt unudulmayacaq. 
   Bilik Fondu Aparatının rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək Xocalı faciəsinin siyasi və hüquqi mahiyyətindən danışdı. Bildirdi ki, Xocalıda törədilən cinayəti bəzən qətliam adlandırırlar. Bu düzgün deyil. Çünki qətliam hər hansı bir şəhərdə bir xalqa qarşı kimliyi və milli mənsubiyyəti sorulmadan törədilən qırğına deyilir. Ancaq Xocalı faciəsi birmənalı şəkildə soyqırımıdır. Çünki erməni faşistləri xocalı sakinlərini məhz azərbaycanlı olduğu üçün qətlə yetiriblər. 
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək erməni millətçilərinin dünyada bənzəri olmayan vəhşiliyindən danışdı, Xocalı sakinlərinin qəhrəmanlığından söz açdı. Qeyd etdi ki, Xocalı faciəsi unudulası hadisə deyil. Bu, Ermənistanın millətçi, vəhşi qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımıdır. 
   Azərbaycan Okinava Qoçiryu-ryu Karate-do və Kobudo Növləri Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tarıverdi Allahverdiyev əmin olduğunu bildirdi ki, Azərbaycan ordusu gec-tez tarixi torpaqlarımızı geri alacaq və düşmən xar olacaq. O, Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırmaq məqsədilə üç film çəkdiklərini, bundan sonra da bu istiqamətdə fəaliyyəti davam etdirəcəklərini dedi.
   Daha sonra C.Naxçıvanski adına Hərbi liseyin kursantları çıxış etdilər. 
   Tədbirdə Okinava Qoçiryu-ryu Karate-do və Kobudo Növləri Federasiyasının idmançıları nümunəvi döyüş nömrələri göstərdilər. “Vətənim” yaradıcılıq birliyinin istehsalı olan "Xocalı" sənədli filmi nümayiş olundu.
   Bilik Fondu tərəfindən C.Naxçıvanski adına Hərbi liseyə kitablar hədiyyə edildi.
   
   Savalan Fərəcov