Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü bu günlər bütün ölkə boyu müxtəlif tədbirlər, anım mərasimləri ilə qeyd edilir, soyqırımı qurbanlarının xatirəsi yad olunur.
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində faciənin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. 
   Sumqayıt Şəhərinin Tarixi Muzeyində tərtib olunan sərgidə Xocalıda törədilmiş qanlı hadisələri özündə əks etdirən fotoşəkillər, faciənin minlərlə qurbanlarından biri Mələk Əyyubovanın muzeyin fondunda mühafizə olunan şəxsi arxivindən materiallar, müxtəlif dillərdə çap olunmuş nəşrlər, təsviri sənət nümunələri nümayiş olunub.
   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində “Xocalı qan yaddaşımızdır” adlı kitab sərgisindən biblioqrafik xülasə verilib, oxucuların ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib.
   Şəhərdə yerləşən Zəngilan Tarix-Diyarşünaslıq Muzeyində “Xocalının səsi” adlı rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. İdarənin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov faciə haqqında ətraflı məlumat verib, tariximizin qara səhifəsini rəsmlərdə əks etdirən şagirdlərə təşəkkür edib.
   Şuşa rayon nümayəndəliyinin Uşaq incəsənət məktəbində Xocalının mənzərələrini və müdhiş faciəni əks etdirən rəsm sərgisi keçirilib. Sərgidə məktəb şagirdlərinin əl işləri nümayiş olunub. Nümayəndəliyin baş məsləhətçisi Zahid Abbasov, Uşaq incəsənət məktəbinin direktoru Mirkamil Ağamirov, Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Bayramov və digər qonaqlar sərgi ilə tanış olublar.
   * * *
   Quba Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi - qan yaddaşımızdır” mövzusunda dəyirmi masa keçirilib. Mərkəzin direktoru Elza Orucova məruzə ilə çıxış edərək bildirib ki, Xocalı qırğını XX əsrdə təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq tarixinə yazılan qanlı faciədir. 1989-cu ildə Xocalıda məişət evinin tikintisinə rəhbərlik etmiş Eldar Hüseynov, Alekseyevka kənd orta məktəbinin tarix müəllimi N.Abdullayev, Quba şəhər 4 saylı orta məktəbin direktor müavini G.İbrahimova və başqaları çıxış ediblər. Sonda Heydər Əliyev Fondunun hazırladığı “Xocalı” filmi nümayiş olunub.
   * * *
   Astara rayon Mərkəzi kitabxanasında keçirilən anım tədbirində MKS-nin direktoru Tural Eyvazov, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, MKS-nin direktor müavini İlyas Məmmədov, M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva tədbirdə çıxış ediblər. Sabir adına məktəbin şagirdləri "Xocalı qisasa çağırır bizi" adlı ədəbi-bədii kompozisiya göstəriblər.
   * * *
   Goranboy rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. Tədbirdə Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Goranboy rayon nümayəndəliyinin baş məsləhətçisi Gündüz Hacıyev, rayon Mərkəzi kitabxanasının oxu zalının müdiri Sevda Əliyeva, Şahməmmədli kənd kitabxana filialının işçisi Rəxşəndə Xəlilova çıxış ediblər. Goranboy rayonunda məskunlaşan Xocalı sakinləri acı xatirələrini danışıblar. Şəhər 1 saylı məktəbin şagirdlərinin ifasında şeirlər səslənib, Xocalı şəhər məktəblilərinin ifasında soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.
   * * *
   Zərdab rayon MKS-nin Oxuculara xidmət şöbəsi H.Aslanov adına 3 saylı orta məktəbdə “Sağalmaz Xocalı dərdim” adlı məlumat günü keçirib. Kitabxananın əməkdaşları C.Feyzullayeva, E.Mirzəyeva və S.Xəlilova tərəfindən hazırlanmış biblioqrafik məlumat şagirdlərə paylanılıb, uşaqlar Xocalı haqqında şeirlər söyləyiblər.
   * * *
   Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət mərkəzinin foyesində yaradılan “Xocalı” guşəsində mərkəzin “Buta” rəsm dərnəyinin üzvlərinin “Xocalıya ədalət!” adlı rəsm sərgisi nümayiş olunub. Mərkəzi kitabxananın Uşaq şöbəsi isə Qarabağ savaşına və Xocalı faciəsinə həsr olunmuş kitablardan ibarət sərgi təşkil edib. Mədəniyyət mərkəzinin direktoru H.Mirzə soyqırımı barədə geniş məlumat verib, şəhər 10 saylı orta məktəb və 17 saylı uşaq bağçası yetirmələrinin ifasında faciədən bəhs edən şeirlər səslənib.
   * * *
   Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kənd Folklor evində “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı anım gecəsi keçirib. Tədbirdə Z.Mahmudov adına kənd orta məktəbin şagirdləri, fəal oxucular iştirak edib. Kitabxana filiallarının müdirləri Tamam Cəfərova, Məktubə Qocayeva, kənd icra nümayəndəsi Osman Mustafayev, Folklor evinin müdiri Asya Orucova, mədəni təşkilatçı Nüranə Hacıeyyubova çıxış ediblər. Xocalı faciəsinə həsr edilmiş səhnəcik təqdim olunub.
   * * *
   Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı E.Həbibov adına 4 saylı məktəbin şagirdlərinin iştirakı ilə Milli Qəhrəman Əlif Hacıyevin xatirəsinə həsr edilmiş “Xocalıdan gələn səs” adlı anım günü keçirib. Tədbirdə Milli Qəhrəman haqqında məlumat verilib. Bildirilib ki, Əlif Hacıyev Xocalı qırğınında son damla qanına qədər rəşadətlə vuruşub. Şagirdlər Xocalı haqqında poetik kompozisiya təqdim ediblər.
   * * *
   Kürdəmir rayon Mərkəzi kitabxanasında “Xocalını unutmadıq, unutdurmarıq” adlı anım tədbiri keçirilib. MKS-nin direktor müavini İradə Mahmudova, rayon İcra Hakimiyyətinin başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev, MKS-nin əməkdaşları Növrəstə Qəhrəmanova, Məryəm Əliyeva, Gülşən Məmmədova çıxış ediblər. Uşaqların ifasında ədəbi kompozisiya nümayiş olunub.
   Rayonun klub müəssisələrində dəyirmi masa, məlumat guşəsi, kitab və foto sərgiləri təşkil edilib. Rəsm qalereyasında, Mədəniyyət mərkəzində və Uşaq incəsənət məktəbində, Tarix-diyarşünaslıq muzeyində tədbirlər, Heydər Əliyev Mərkəzində “Xocalı” filminin nümayişi nəzərdə tutulub.
   * * *
   Şamaxı rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində MKS-nin direktoru Ərəsdun Xələfov, şöbə müdirləri Hicran Xasıyeva, Zenfira Hacıyeva, Texniki humanitar və təbiət fənləri təmayüllü internat tipli liseyin müəllimi Günel Əsgərova o dəhşətli gecədə Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən söz açıblar. Liseyin şagirdləri Xocalıya həsr olunmuş şeirlər söyləyiblər.