Fevralın 22-də Türkiyənin Bolu şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş konfrans keçirilib. Tədbirə Azərbaycandan və Bosniyadan nümayəndələr, Bolu valiliyi, bələdiyyəsi və Bolu universitetinin rəhbərliyi qatılıb. Bu haqda qəzetimizə tədbirin iştirakçısı, filologiya üzrə elmlər doktoru Asif Rüstəmli bilgi verib. 
   Tədbirdə Bolunun bələdiyyə başqanı Ələddin Yılmaz Azərbaycan və Türkiyənin ortaq keçmişindən söz açıb və Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu vurğulayıb. 
   Ölkəmizi tədbirdə təmsil edən professorlar Akif Əsgərov, Asif Rüstəmli, millət vəkili Qənirə Paşayeva, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Xocalı hadisələrinin şahidi Aqil Məmmədov və başqaları geniş çıxış edərək Xocalı soyqırımının tarixi, səbəbləri, icra edənlər və onların himayədarları haqqında bilgi veriblər. Soyqırımını dünyada tanıtmaq, erməni faşizminin iç üzünü açmaq, onu ifşa etmək üçün türk dünyasında qüvvələrin səfərbərliyə alınması məsələləri vurğulanıb. 
   Sonra Bolu şəhərində Qarabağ parkının və "Xarı bülbül" abidəsinin açılışı olub. 
   Abidənin müəllifi heykəltəraş, professor Akif Əsgərov "Xarı bülbül"ün ləçəkləri üzərində Qarabağ muğam üçlüyünü, Xurşudbanu Natəvanın, Molla Pənah Vaqifin obrazını, Gövhərağa məscidini böyük ustalıqla canlandırıb. "Xarı bülbül" abidəsi "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü və dəstəyi nəticəsində ərsəyə gəlib.
   Mərasimdə Bolu valisi Aydın Baruş, bələdiyyə başqanı Ələddin Yılmaz, millət vəkili Qənirə Paşayeva çıxış edərək Qarabağ parkının və "Xarı bülbül" abidəsinin yaradılmasında əməyi olan hər kəsə sayğılarını bildiriblər. 
   Sonda Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynova "Qarabağ şikəstəsi" və "Çırpınırdın, Qara dəniz" mahnısını ifa edib.
   
   S.Qaliboğlu