Mədəniyyət xəzinəmizə bənzərsiz töhfələr verən sənətkarlar hər zaman hörmətlə anılır. Kino və teatrda yaddaqalan obrazlar yaradan, xalqın sevimlisinə çevrilən belə sənətkarlardan biri də Xalq artisti Sofiya Bəsirzadədir.
   Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində dünyaya göz açıb. İki yaşında ikən valideynləri Bakıya köçüb. Sofiya 3 saylı beynəlmiləl məktəbə gedir. Sonra 134 saylı məktəbdə orta təhsilini davam etdirir. Hələ məktəbli ikən dram dərnəyinə üzv olur. Orta təhsilini 1936-cı ildə başa vurub, sənədlərini Bakı Teatr Məktəbinə verir. 
   Bunun maraqlı tarixçəsi var. Ailədə hamı onun həkim olmasını istəyirmiş. Elə özü də bu fikirdə olur. Bir gün o, küçə ilə gedərkən divarda teatra aktyor qəbulu ilə bağlı elan görür. Öz-özünə deyir: “Bəlkə özümü sınayım?” Ancaq tərəddüd edir. Evdə onun aktrisa olmağına razılıq verməzdilər. Ancaq bu sənətə içindəki maraq, sevgi “get, özünü sına”, deyir. Özünü sınamaq qərarına gəlir. 
   Aktrisanın xatirələrindən: “Sınaq otağına girəndə içəridə 4 kişinin oturduğunu gördüm. Onlar aktyor olmaq istəyənləri sual-cavab edirdilər. Sonra öyrəndim ki, bunlar Adil İsgəndərov, Abbas Mirzə Şərifzadə, Rza Təhmasib və Səməd Mərdanov olub. O vaxt onları tanımırdım. Yaxına getdim və bir şeir deməyimi istədilər. Süleyman Rüstəmin “Çapayev” əsərindən bir parça dedim. Əlavə bir-iki sual da verdilər. Adil İsgəndərov məni başdan-ayağa süzdü. Deyəsən, görünüşüm xoşuna gəlmişdi... Atam dünyasını dəyişəndən bizə ailəvi işlərdə dayım ağsaqqallıq edirdi. Necə oldusa sirrin üstü açıldı. Dayım bunun üstündə məni bərk döydü. Əhvalatdan xəbər tutan Rza Təhmasib bizə gəldi. Dayımla xeyli söhbət etdi. Dedi ki, Sofiya çox istedadlı bir gəncdir. Onu bu sənətdən ayırmaq olmaz. Çox söz-söhbətdən sonra dayım razılaşdı...”
   Beləliklə, Sofiya Bəsirzadə Bakı Teatr Məktəbində oxumağa başlayır. Tamaşaçılar onu daha çox filmlərdən tanıyırlar. Tələbə ikən “Yeni horizont” filmində şəfqət bacısı roluna çəkilib. Sonralar “Qara daşlar”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Yol əhvalatı” və s. filmlərdə fərqli obrazlar yaradıb. 
   Amma teatr ona daha doğma olub. Ömrünün çox hissəsini bu sənətə həsr edib. Tələbəlik dövründə Akademik Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda səhnəyə çıxıb. Bir gün Cabbar Məcnunbəyovun “Yanar dərə” tamaşasında xəstələnən aktrisanı əvəz edərək Gözəl rolunu oynayır. Bu işinə görə 1938-ci ildə tələbə ikən Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunur. 
   Sofiya Bəsirzadə milli dramaturgiyamızın klassik əsərlərində bir-birindən maraqlı, rəngarəng rollarda çıxış edib. Cəfər Cabbarlının “Dönüş” əsərində Gülsabah və Turac, “Solğun çiçəklər”də Gülnisə, “Yaşar”da Tatyana, “Oqtay Eloğlu”da Sevər, “Od gəlini”ndə Gülgün kimi parlaq obrazlar yaradıb. Səməd Vurğunun mənzum dramlarından “İnsan”da Amalya və Tatyana, “Vaqif”də Tamara, “Fərhad və Şirin”də Məhin Banu və Məryəm, Hüseyn Cavidin “Səyavuş”unda Rübabə, “Şeyx Sənan”da Nina rollarını məharətlə oynayıb. 
   Səhnədə atdığı ilk addımdan Sofiya Bəsirzadə kimi tanınıb. Bəzi proqram və afişalarda adı “Sofa” kimi də yazılıb. Teatr kollektivində ona çox vaxt “Sofa xanım” deyə müraciət ediblər. Aktrisanın daxili imkanlarının zənginliyi ona müxtəlif səpkili rollarda oynamağa imkan verib. Teatr səhnəsində 62 ildən çox çalışıb. Sənətdə əməyi yüksək qiymətləndirilərək 1955-ci ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. Sofiya Bəsirzadə 4 yanvar 2000-ci ildə vəfat edib. 
   
   Savalan Fərəcov