Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq fevralın 22-dən 26-dək “Xocalı. Matəm. Ekran” adlı sənədli film günləri keçirilib.
Film günlərində dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən, eləcə də Xocalıda həlak olan qəhrəmanlara həsr olunmuş filmlərin paytaxtda və ölkənin müxtəlif bölgələrində nümayişi təşkil olunub.
Fevralın 23-də Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Milli Qəhrəmanlar Əlif Hacıyev haqqında "Azərbaycanlı olmaq böyük şərəfdir" (rejissor Könül Kərimova) və Tofiq Hüseynov haqqında "Mən Xocalını tərk etməyəcəyəm" (rejissor Ramiz Hüseynov) filmləri nümayiş etdirilib.
Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə xalqımız və dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu qeyd edərək, “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsi haqqında məlumat verib.