Fevralın 6-da M. Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və dəstəyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaxından köməkliyi ilə yaradılmış informasiya mərkəzinin açlışı oldu.
  
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 oktyabr 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı” çərçivəsində həyata keçirilən bu layihə, gələcəkdə əhalinin informasiyaya olan tələbatını daha geniş və operativ şəkildə ödənilməsi üçün nəzərdə tutulmuşdur.
   Sonra M.Qorki adına kitabxananın müdiri Nüşabə xanım Ələkbərova kitabxana haqqında iştirakçılara məlumat verdi. O, kitabxananın yeni yaradılmış saytı - www.baku-mskf.az - barədə ətraflı danışdı.
    Qeyd etdi ki, bu gündən sonra bura gələn oxucuların hər birinin informasiya alması üçün hər cürə şərait yaradılmışdır. Milli Kitabxanada olduğu kimi, burada da bütün xidmət növləri fəaliyyət göstərəcək. Gələcəkdə də Bakının hər hansı bir rayonunda belə bir məkrəz açılarsa, həmin məkanda da oxucular Milli Kitabxananın xidmətindən yararlanacaqlar.
    Kitabxana fondundakı bütün kitablardan, kataloqdan, informasiya-elektron resurslarından birbaşa istifadə etmək imkanına malik olacaqdır. Bütün bunlar məkan problemini aradan qaldırmaqla oxucuların ehtiyaclarını çox qısa bir zamanda həll edəcək.
   Bu mərkəzin üstün cəhətlərindən biridə ondan ibarətdir ki, əgər hər hansı bir oxucuya lazım olan bir kitab burada olmasa, həmin kitab Milli Kitabxanaya sifariş verilir və bir saat ərzində həmin kitabın elektron variantını oxucu alıb istifadə edə bilər. Bu, təkcə kitaba aid deyil. Eyni zamanda burada oxucular hər hansı qəzet və jurnalın da elektron variantını əldə edə biləcəklər.
   Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək qeyd etdi ki, bu bilik ocağı Azərbaycan çərçivəsində Milli Kitabxananın lokal şəbəkəsinə qoşulan ilk kitabxana müəssisəsidir. Lokal şəbəkəyə qoşulan hər hansı bir kitabxana bura daxil olmuş bütün qəzet və jurnalların materialları ilə tanış ola bilər.
   Bakı Şəhər Mədəniyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyev bildirdi ki, bu gün həyata keçirilən bu layihə kitabxana işi sahəsində çox dəyərli bir hadisədir. Bu layihənin həyata vəsiqə alması kitabxana işinin inkişafından xəbər verir. Bu işdə bizə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana yaxından kömək edib.
   2009-cu ildə Bakı şəhəri üzrə daha 4 kitabxanada belə bir informasiya mərkəzi yaradılacaq. 2013-cü ilə qədər isə Bakıda fəaliyyət göstərən bütün kitabxanalarda analoji mərkəzlər fəaliyyətə başlayacaq.
   Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Azər Paşa Nemət, BDU-nun kitabxanaçılıq fakültəsinin dekanı, professor Xəlil İsmayılov, xalq artisti Xuraman Qasımova, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səfərova, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyin elmi katibi Məlahət Kələntərli çıxış edərək burada yaradılmış elektron mərkəzinin mədəniyyətimizə və kitab həvəskarlarına böyük bir hədiyyə olduğundan danışdılar.
   Sonda tədbir iştirakçıları kitabxananın saytı ilə yaxından tanış oldular.  

Fərahim Dünyamalıoğlu