Yeni sənədli filmlər nümayiş olunub
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı. Matəm. Ekran” sənədli film günləri keçirildi.
   Film günləri çərçivəsində fevralın 24-də Nizami Kino Mərkəzində “Natiq Qasımov” və “Batalyon” sənədli filmləri nümayiş etdirildi. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
   Filmlərin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ölkəmizdə və xaricdə tədbirlər keçirildiyini dedi.
   Nazir müavini tarixən ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və qətliamlardan, soydaşlarımızı öz ata-baba yurdlarından didərgin salmasından danışdı. Bildirdi ki, XX əsr bəşər tarixində ən dəhşətli hadisələrdən olan Xocalı faciəsi xalqımızın yaddaşından silinməyəcək. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 
   Qeyd olundu ki, işğalçılıq müharibəsi zamanı düşmən tərəfindən mədəni sərvətlərimiz, o cümlədən muzeylər, teatrlar, kitabxanalar, musiqi məktəbləri viran edilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulan maddi və mənəvi ziyan ölçüyəgəlməzdir. Nazir müavini incəsənət xadimlərinin, rejissorların, rəssamların Qarabağ mövzusunu, orada döyüşmüş igid vətən övladlarının qəhrəmanlıqlarını hər zaman diqqətdə saxladıqlarını vurğuladı.
   Daha sonra filmlər nümayiş olundu.
   Qəhrəman döyüşçü Natiq Qasımovdan bəhs edən sənədli film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. 
   Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə Mingəçevirə köçüblər. Natiq səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alır. Rusiyanın Krasnoyarsk vilayətində hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdır, elə həmin il könüllü olaraq cəbhəyə gedir. Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşür. 
   1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir, gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Burada bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürülmüş Xocalı sakinləri içərisindən yaşlı bir kişini oraya göndərərək bildirirlər ki, məbəddəkilər təslim olmasalar, bütün girovları güllələyəcəklər. 22 nəfər Xocalı sakininin girovluqdan azad olması müqabilində Natiq ermənilərə təslim olur. Azərbaycan bayrağını kilsənin üstündən çıxarıb sinəsinə sıxaraq ermənilərin üzərinə gedir. Həmin vaxt orada olan iki xarici jurnalist - biri Rusiyanın “Oqonyok” jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini də bu hadisənin şahidi olur...
   “Yaddaş” sənədli filmlər studiyasında lentə alınan “Batalyon” filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi döyüş yolundan bəhs edir. Ekran əsərinin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.
   Tədbir çərçivəsində Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş kitab və foto sərgiləri də təşkil olunmuşdu.
   
   Fariz