Odtəkin Ağababayevin fərdi sərgisi açılıb
   
   Fevralın 24-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış fırça ustası, Əməkdar rəssam Odtəkin Ağababayevin fərdi sərgisinin açılışı oldu. 
   ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgini açaraq həmkarını təbrik etdi. O.Ağababayevin yaradıcılığını təsviri sənətimizin parlaq səhifəsi kimi qiymətləndirən F.Xəlilov onun gələn il də tamaşaçıların görüşünə yeni bir sərgi ilə gəlməsini arzu etdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Ağababayevlər soyunun Azərbaycan incəsənətinə, rəssamlığına böyük sənətkarlar verdiyini bildirdi, qocaman rəssama bitməyən yaradıcılıq enerjisi arzuladı. 
   Xalq rəssamı, ARİ-nin rəngkarlıq bölməsinin sədri Tofiq Ağababayev həmkarı O.Ağababayevin sərgilənən əsərlərini yüksək sənət nümunəsi adlandırdı, ona cansağlığı dilədi. 
   Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular. Sərgidə rəssamın müxtəlif mövzularda və janrlarda yaratdığı 50-dən çox əsəri nümayiş olunur. Əsərlərin altından adları yazılmasa da, onların nəyi ifadə etdiyini bilmək olur. Bu sırada Bülbülün, Xan Şuşinskinin, Ömər Eldarovun portreti və müəllifin avtoportreti də yer alıb. Əsərlər içərisində Qarabağa həsr olunmuş tablolar da var. Rəssamın özünəməxsus texnikası diqqəti çəkməkdədir. O, rəngin yumşaq çalarlarından ustalıqla istifadə edir, ona görə də əsərlərin hamısı işıqlıdır.
   Bildirək ki, rəssam O.Ağababayev 1928-ci ildə Bakıda doğulub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və İ.V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. Təhsil illərində gələcək həyat yoldaşı Valentina Ağababayeva ilə tanış olub, onunla 60 il birgə ömür sürüb. 
   1959-cu ildən ARİ-nin üzvüdür. 2002-ci ildə Əməkdar rəssam fəxri adına, 2008-ci ildə isə Prezident təqaüdünə layiq görülüb. 2009, 2014-cü illərdə fərdi sərgiləri keçirilib. Qızı Tatyana Ağababayeva da rəssamdır. 
   Sonda tədbirin təəssüf doğuran bir məqamını da qeyd etməyə məcburuq: sərginin açılışına 25-30 nəfər tamaşaçı gəlmişdi. Bu mənzərə bütün şüurlu həyatını Azərbaycan rəssamlığı yolunda sərf etmiş, indi də yaradıcılıqla məşğul olan bir sənətkar üçün gerçəkdən məyusedici idi. 
   
   S.Qaliboğlu