Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə fevralın 28-də Qusar rayonunda “Gənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil edilib. Düşərgənin qonağı Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti Mədəniyyətlərarası kommunikasiyalar kafedrasının müəllimi, Belarus Dövlət Rəsm Qalereyasının direktoru Pavel Sapotko olub.    
   Tədbir iştirakçıları öncə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Sonra Qusar rayon mərkəzinə gələn iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xatirəsini yad ediblər. 
   Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından gənc mədəniyyət işçilərinin qatıldığı qış düşərgəsinin toplantısı Qusar rayon Mərkəzi kitabxanasında keçirilib.
   Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək gənc mədəniyyət işçiləri üçün qış və yay düşərgələrin keçirilməsindən məmnun olduğunu xüsusi vurğulayıb və Elmi-Metodik Mərkəzə maraqlı layihələrin təşkilinə görə minnətdarlığını bildirib. 
   Mərkəzin direktoru Asif Usubəliyev yeni layihənin gənc mədəniyyət işçiləri arasında səmimi münasibətlərin, dostluq hisslərinin formalaşmasına, sərbəst fikirlərin, yeni ideyaların yaradılmasına və problemlərin birlikdə həll olunmasına kömək olacağını vurğulayıb. 
   Düşərgənin qonağı Pavel Sapotko Belarus Respublikasında mədəniyyət sahəsindəki nailiyyət və problemlərdən danışıb, ölkələrimizin mədəniyyət sahəsində çalışan gənclərinin öz peşələrində səmərəliliyin artırılmasına, uşaq yaradıcılığın zənginləşdirilməsinə, turizmin inkişafına təsir edəcək mədəni xidmətlərin təşkilinə, aramızda əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinə dair təkliflərini ümumi müzakirəyə çıxararaq dəyirmi masa ətrafında geniş söhbət aparıb. 
   Qış düşərgəsi daha sonra açıq havada davam etdirilib. Gənclər Od çərşənbəsinin tonqalını yandırıb, ətrafında toplaşaraq xarici qonaqlara regiona məxsus multikultural adət-ənənələri, milli rəqsləri nümayiş etdiriblər. 
   
   Lalə Azəri