Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “İslam mədəniyyəti paytaxtı Naxçıvan - 2018” loqotipinin təqdimatı olub.
Mərasimində çıxış edən muxtar respublika Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Prezident İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 15-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub.
Bu il yanvarın 23-də muxtar respublika Ali Məclisinin sədri “İslam mədəniyyəti paytaxtı Naxçıvan - 2018” loqotipinin hazırlanması haqqında” sərəncam imzalayıb və bununla bağlı yaradıcılıq müsabiqəsi elan edilib.
Müsabiqədə həm Naxçıvanda, həm də muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar - rəssamlar, memarlar və tələbələr iştirak edib, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip təqdim olunub. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib.
Vurğulanıb ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində loqotipin seçilməsi ilə bağlı tədbir keçirilib. Təqdim olunmuş loqotiplərdən mövzunun əhatəsi baxımından muxtar respublika Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyevin loqotipi seçilib. Burada Naxçıvanın həm türk, həm də islam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib.
Ülviyyə Həmzəyeva loqotipin mənası barədə danışaraq deyib: “Haçadağın təsviri onu ifadə edir ki, Naxçıvan qədim tarixə malikdir. Dağın içərisində alovun təsviri həyat əlamətini göstərməklə bərabər, həm də Azərbaycanın “Odlar yurdu” olduğunu ifadə edir. Alovun içərisində yazılan Allah sözü islamın rəmzi, Naxçıvanın müqəddəs torpaq olduğunun göstəricisidir. Ayparanın və onun üzərindəki bayrağın, həmçinin ulduzun təsviri dövlətçiliyimizin ifadəsidir”.
Ali Məclisin sədri Tapdıq Həmzəyevi qalib olması münasibətilə təbrik edib, ona pul mükafatı verilib.
Ülviyyə Həmzəyeva rəssamlara göstərdiyi diqqət və qayğıya görə muxtar respublika rəhbərinə birliyin üzvləri adından minnətdarlığını bildirib.
Loqotipin müəllifi Tapdıq Həmzəyev bildirib ki, müsabiqəyə üç layihə təqdim edib: “Hazırladığım loqotipin seçilməsi məni çox sevindirdi. Muxtar respublika rəhbərinə əməyimə verdiyi yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm”.