Rəsm müsabiqəsi keçirilib
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt komitəsi, şəhər Gənclər və İdman Baş İdarəsi, Dövlət Rəsm Qalereyası və Mədəniyyət evinin birgə təşəbbüsü ilə “Odlar yurdu Azərbaycan” adlı rəsm müsabiqəsi keçirilib.   
   Müsabiqənin keçirilməsində əsas məqsəd regionlar arasındakı istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxartmaq, sənət mübadiləsi yaratmaq, gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.
   14-17 yaş arasında keçirilən müsabiqədə Sumqayıt şəhər Bülbül, Ə.Bakıxanov və S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin, Nizami Gəncəvi adına kitabxana-klubun, Sumqayıt Dövlət Rəsm Qalereyasının və rəsm dərnəkləri və studiyalarının, eləcə də Saray və Qobu uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər. 4 rayon üzrə 45 şagird milli geyimli qızın, natürmortun, göyərçin maketinin və musiqi alətlərinin kompozisiyasını naturadan çəkiblər.
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq kiçik rəssamları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, artıq regionlararası xarakter alan belə tədbirlər bundan sonra davamlı olaraq keçirilməlidir. Sonda qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb.
   Tədbirdə şəhər Mədəniyyət evinin “Buta” ritm qrupunun və Kamil Ağazadənin ifasında musiqi nömrələri səsləndirilib.