Xəbər verildiyi kimi, fevralın 21-də Muzey Mərkəzinin sərgi salonunda tanınmış Amerika rəssamı, abstraksionist Şeyn Quffoqqun sərgisinin açılışı olub. Aprel ayına qədər davam edəcək sərgidəki əsərləri necə dəyərləndirmək olar? Ş.Quffoqqun sərgisi tamaşaçı üçün nə ilə yadda qala bilər?    
   Görünən odur ki, rəssam bütün yaradıcılığını sanki bir mövzunun axtarışına həsr edib. Bəli, sərgi bir şey deyir - rəssam özünün lentəoxşar illüziyasını, obrazını müxtəlif ölçülü kətanlarda ayrı-ayrı rəng çalarları ilə ifadə etmək istəyir. Düzdür, bunu bir neçə əsərdə demək olardı, mahiyyətcə təkrarlardan təşkil olunmuş sərgi insanda tezliklə adiləşmə yaradır. Adətən belə şeyləri çağımızda kompüter texnikası ilə daha yaxşı edirlər. 
   İnsafən, rəssam hər bir əsəri üçün böyük zəhmət çəkib. Onun rəsmləri çox dəqiq və incədir. Elə bu keyfiyyətlərlə də əsər bitir. Belə iriölçülü, dəqiq və incə işlənmiş əsərlərdə məzmuna az yer verilməsi isə təəssüf doğurur. Axı tamaşaçı əsərdə hansısa mənanın, anlamın axtarışındadır. Ona nəsə demək, vermək gərəkdir. 
   Bir tamaşaçı kimi Quffoqqun lentlərin qarışıq nizamı mövzusunu bir əsərin örnəyində uğurlu saya bilərəm. Amma bütöv sərginin örnəyində bunu demək çətindir. Görünür, rəssam həm də özünün bu uğurlu tapıntısından çıxa, uzaqlaşa bilməyib. Sənətdə belə hallar çox olur. Görürsən, hansısa aktyor uğurlu bir rol oynayır və böyük rəğbət qazanır. Bundan sonra aktyor bütün yaradıcılığı boyu həmin uğurlu obrazın təsirindən çıxa bilmir. Qalan başqa rollarını həmin obrazın təsirində oynayır. 
   Mən Quffoqqun bu sərgisini üslub sərgisi adlandırardım. Onun öz üslubu var, mövzuları isə, demək olar ki, yoxdur. Çünki sərgidən yaddaşımda hansısa mövzu yox, yalnız üslub qaldı. 
   Bildirək ki, Quffoqqun əsərləri Los-Anceles şəhərindəki Hammer muzeyinin seçilmiş kolleksiyalarında, Dyuk adına Müasir İncəsənət Universitetinin muzeyində, Kaliforniyadakı Frezno art-muzeyində və bir çox başqa muzeylərdə saxlanılır. Los-Ancelesdə doğulan rəssam rəngkarlıq təhsilini Kaliforniya İncəsənət İnstitutunda alıb. Şeyn 1989-1995-ci illərdə “mətn rəngkarlığı”nın yaradıcısı Edvard Ruşa ilə birgə işləyib. Müasir abstraksionizm məktəbini təmsil edən Quffoqqun sərgidəki bütün əsərləri yağlı boya ilə çəkilib. Bakıdakı sərgidə rəssamın 73 rəsm əsəri nümayiş etdirilir.
   
   S.Qaliboğlu