Xocalı soyqırımının 25-ci ildönümü bütün şəhər və rayonlarımızda olduğu kimi, Zaqatala rayonunda da müxtəlif tədbirlərlə qeyd olunub. Mədəniyyət mərkəzinin “Bədii söz və aparıcılıq” dərnəyi üzvlərinin iştirakı ilə “Xocalı - sözün bitdiyi yer” adlı musiqili-ədəbi kompozisiya 24 fevralda Heydər Əliyev Mərkəzində, 25 fevralda məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə və “İslam həmrəyliyi ili” çərçivəsində Bakı İslam Universitetinin Zaqatala filialında müəllim və tələbə heyəti qarşısında nümayiş olunub.
Bakı İslam Universitetinin, məcburi köçkün şəhərciyinin rəhbərliyi silsilə tədbirlərə görə mədəniyyət işçilərinə, “Bədii söz və aparıcılıq” dərnəyinin üzvlərinə, Humanitar fənlər gimnaziyasının şagirdlərinə minnətdarlıqlarını bildiriblər.
* * *
Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonların mədəniyyət müəssisələrində də faciənin ildönümü ilə bağlı tədbirlər keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Xocalı. Matəm. Ekran” sənədli filmlər günləri çərçivəsində “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Xocalının Zamini”, “Mən Xocalını tərk etməyəcəm”, “Qəhrəmanlığa gedən yol” filmlərinin Kürdəmir rayon Mədəniyyət mərkəzində və filiallarda, MKS və filiallarda, Heydər Əliyev Mərkəzində, rayon və kəndlərin orta ümumtəhsil məktəblərində nümayişi təşkil olunub.
Beyləqan rayon Mədəniyyət mərkəzində və şəhər 4 saylı tam orta məktəbində “Xocalının naləsi - bir ananın fəryadı” mövzusunda tamaşa, Bayraq meydanında təşkil edilmiş sərgidə rayon Xalq teatrının hazırladığı “Əsrin Xocalı faciəsi” ədəbi kompozisiyası nümayiş etdirilib.
Xocavənd rayon Mədəniyyət evində sərgi və “Xocalı harayı” başlıqlı ədəbi-bədii kompozisiya təqdim olunub.
İmişli rayon Mədəniyyət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında çəkilmiş filmlər nümayiş olunub.
Füzuli rayon Mədəniyyət evi Muğam mərkəzində “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya təqdim edib.