Rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələri nümayiş olunur
   
   Fevralın 28-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Məmməd Mustafayevin “Adsız” adlı fərdi rəsm sərgisi açılıb.
   Muzeyin direktoru Xəyyam Abdinov sərgi iştirakçılarını salamlayaraq sərgi barədə məlumat verib.
   Xalq rəssamı Fuad Salayev və tanınmış fırça ustası Altay Sadıqzadə çıxış edərək Məmməd Mustafayevin yaradıcılığından söz açıblar.
   Bildirilib ki, Məmməd Mustafayev 1948-ci ildə Bakıda anadan olub. Onun yaradıcılıq yolu 1958-ci ildə Pionerlər sarayının nəzdində yerləşən rəssamlıq emalatxanasında başlayıb. İlk təhsilini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində alan M.Mustafayev daha sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib. 1968-ci ildən Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Daşkənd, Almatı, Kiyev, Minsk, Tallində keçirilən bir çox respublika və ümumittifaq sərgilərində, eləcə də Polşa, Varşava, Paris və Londonda təşkil olunan sərgilərdə iştirak edib.
   Sonra qonaqlar sərgi ilə tanış olublar. Martın 28-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında olan sənət əsərləri təqdim olunub.