Məlum olduğu kimi, bu il Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Bu əlamətdar tarix Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə təşkilatın yubileylər proqramına daxil edilib.
Həmçinin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2016-cı il tarixli sərəncamına əsasən əhatəli tədbirlər planı həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə həyata keçirəcəyi tədbirlərə Almaniyanın müvafiq qurumları da cəlb olunacaq.
Martın 3-də Mədəniyyət və Turizm Nazirliyində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və ölkəmizdə fəaliyyət göstərən alman şirkətlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə almanların Azərbaycanda məskunlaşması və fəaliyyəti müxtəlif millətlər arasında qarşılıqlı anlaşma və birgəyaşayışın bariz nümunəsi kimi qiymətləndirilərək, onlar tərəfindən yaradılan irs ölkəmizdəki multikultural mədəni irsin bir hissəsi olaraq nəzərdən keçirilib. Ölkəmizdə mövcud olan alman izlərinə, alman mədəni irsinə, verilən dəyər və onların qorunması istiqamətində görülən və həyata keçirilməsi planlaşdırılan işlər barədə məlumat verilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin 2016-2017-ci illər üçün UNESCO-nun əlamətdar hadisələrin və görkəmli şəxslərin yubileyləri proqramına daxil edilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam barədə danışıb.
Əlamətdar yubileyin qeyd olunması istiqamətində nazirliyin təkliflərini müşavirə iştirakçılarının diqqətinə təqdim edən Əbülfəs Qarayev sözügedən tədbirlərin həyata keçirilməsində səfirlik, Alman-Azərbaycan Xarici Ticarət Palatası və alman şirkətlərini əməkdaşlığa dəvət edib.