Sərgidə 150-yə qədər əsər nümayiş etdirilir
   
   Martın 7-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Beynəlxalq Qadınlar Günü münasibətilə “8 Mart rəssamların gözü ilə” adlı kollektiv sərginin açılışı oldu. 
   Tədbirin təşkilatçıları ARİ, Dünya Ana və Uşaq İctimai Birliyi, Dünya Azərbaycanlıları Konqresidir. 
   Sərgini giriş sözüylə ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq iştirakçı qadınları 8 Mart bayramı münasibətilə təbrik etdi, onlara xoşbəxtlik və yaradıcılıq uğurları dilədi. 
   Layihənin rəhbəri, rəssam Elnurə İsgəndərova sərginin məqsədi haqqında bilgi verərək bütün yaradıcı qadınları bayram münasibətilə təbrik etdi. 
   Dünya Azərbaycanlıları Konqresinin sədri Dünyaxanım Əliyeva, türkiyəli yazıçı, şair Fesih Əlioğlu, paytaxtdakı M.Ə.Sabir adına Mərkəzi şəhər kitabxanasının direktoru Gülşən Əliyeva, Şəhid Ailələrinə Sosial Yardım İctimai Birliyinin sədri Almaz Zeynalova, rəssam Qafar Sarıvəlli və başqaları çıxış edərək bayram sərgisi haqqında ürək sözlərini bildirdilər. 
   Qeyd edək ki, sərgidə təsviri sənətin bütün sahələri üzrə 150-yə qədər əsər nümayiş olunur. 
   İştirakçılar fəxri fərman və diplomlarla təltif olundular.
   
   S.Qaliboğlu